Qırmızı ət barədə faktlar — Sağlamlıq üçün TƏHLÜKƏ!

Qirmizi et barede faktlar — Saglamliq ucun TEHLUKE!

Azərbaycan bazarında qırmızı ətə olan tələbat son dövrlərdə nəzərəçarpacaq dərəcədə artıb. Bunun fonunda ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur. Aidiyyəti qurumlar bu azalmanı məhz ət istehlakının artması ilə əlaqələndirir. Ancaq qırmızı ətin həddindən artıq istehlakı sağlamlıq baxımından bəzi suallar doğurur. Mütəxəssislər bunun insan orqanizminə mümkün təsirləri barədə fərqli fikirlər səsləndirir, bəzi araşdırmalar isə uzunmüddətli istehlakın yaratdığı risklərə diqqət çəkir.

Zeferinfoaz  xəbər verir ki, Yenisabah.az məsələni qida üzrə ekspert Asim Vəli ilə müzakirə edib. O, qırmızı ət istehlakının artması, müasir dövrün qidalanma vərdişləri ilə əlaqəli geniş yayılmış bir tendensiya olduğunu söyləyərək bunları bildirib:

“Bu tendensiyanın insan sağlamlığına təsiri, müxtəlif aspektlərdən qiymətləndirilməlidir. Qırmızı ət əhəmiyyətli bir protein, vitamin, mineral və yağ turşuları mənbəyidir. Ancaq qırmızı ətin çox istehlakı müəyyən sağlamlıq problemlərinə səbəb ola bilər. Bu qida doymuş yağlar baxımından da zəngindir. Bu cür yağlar qan damarlarında pis xolesterol (LDL) səviyyəsini artıraraq, ürək-damar xəstəlikləri riskini yüksəldir. Xüsusilə yüksək doymuş yağlar və trans yağlar ilə zəngin olan qırmızı ət növlərinin müntəzəm istehlakı, ateroskleroz və digər ürək-damar xəstəliklərinə gətirib çıxara bilər.

Araşdırmalar qırmızı ətin çox istehlakının bağırsaq xərçəngi, mədə xərçəngi və digər xərçəng növləri ilə əlaqəli olduğunu göstərir. Xüsusilə işlənmiş qırmızı ətlər (sosiska, kolbasa və sair) daha yüksək riskə səbəb olur.

Qırmızı ət kalori baxımından da zəngin olduğu üçün yüksək miqdarda istehlak edildikdə piylənmə və şəkərli diabet kimi metabolik xəstəliklərin riskini artırır. Qırmızı ətin yüksək miqdarda istehlakı insulinin həssaslığını azaldaraq, tip 2 diabet riskini artırır”.

Qida texnoloqu onu da vurğulayıb ki, qırmızı ət istehlakının təhlükəsiz və sağlam olması üçün gündəlik miqdarın məhdudlaşdırılması vacibdir:

“Ümumiyyətlə, qırmızı ət istehlakını həftədə 500 qram ilə məhdudlaşdırmaq tövsiyə olunur. Bu hər günə bölündükdə, təxminən 70-100 qram arasında bir miqdara uyğun gəlir. Bununla yanaşı qırmızı ət istehlakında növ seçimi də vacibdir. Ət növlərinin yağ tərkibini nəzərə alaraq, az yağlı növlərə üstünlük vermək daha faydalı olar. Qırmızı ət istehlakını azaltmaq istəyənlər üçün bir çox alternativ protein mənbələri mövcuddur. Toyuq və balıq, qırmızı ətə nisbətən daha az doymuş yağ tərkibinə malikdir və daha çox omega-3 yağ turşuları ehtiva edir. Bu ürək-damar sağlamlığını dəstəkləyən və digər sağlamlıq faydaları olan alternativlərdir. Ləzzətli və sağlam bitki mənşəli protein mənbələri çoxdur. Bunlar arasında qoz-fındıq, toxumlar, paxlalılar (lobya, noxud, mərcimək) və soya məhsulları yer alır. Bu məhsullar həm də lif, vitaminlər və minerallarla zəngindir. Yumurta yüksək keyfiyyətli protein və vacib vitaminlərlə zəngindir. Təbii ki, yumurtanın çox istehlakına diqqət yetirilməli və həddi aşmamaq lazımdır.

Süd, qatıq, pendir və digər süd məhsulları da yüksək protein mənbələridir. Onlar həmçinin kalsium və D vitamini ehtiva edir ki, bu da sümüklərin sağlamlığı üçün faydalıdır”.

Ekspert sağlam qidalanma planında qırmızı ət, ağ ət və bitki mənşəli proteinlər arasında balansın qorunmasının vacibliyini də açıqlayıb:

“Həftədə ən çox 2-3 dəfə qırmızı ət istehlak edilməlidir, amma bu miqdar çox olmamalıdır. İdeal olaraq qırmızı ət ən azından az yağlı və təbii ət növlərindən seçilməlidir.

Toyuq və balıq kimi ağ ətlər, qırmızı ətdən daha az doymuş yağ ehtiva edir və gündəlik qida rasionunda 2-3 dəfə yer almalıdır. Balıq xüsusilə omega-3 yağ turşuları ilə zəngin olduğu üçün ürək-damar və beynin sağlamlığına faydalıdır.

Bitki mənşəli proteinlər gündəlik rasionda geniş yer tutmalıdır. Paxlalılar, qoz-fındıq, toxumlar və soya məhsulları, həm protein, həm də digər qida maddələri olan lif, vitaminlər, minerallar baxımından zəngin olub, qidalanmada müsbət təsirə malikdir”.