QHT sədri Azərbaycan gəncliyinin rolundan danışıb
Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Məqamət Əliyev (Muğan) 2 Fevral – Gənclər Günü münasibətilə açıqlama verib.
O bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin arzuladığı sağlam, vətənpərvər və intellektli gənclik formalaşıb. Məqamət Əliyevin sözlərinə görə, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyinə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən vacib məsələlərdən biridir. Çünki ölkənin gələcəyi və taleyi bugünkü gənclərdən asılıdır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması xalqın rifahının və ölkənin inkişafının əsas təminatıdır:
"Bu gün müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərləri, ana dilini və ata-babalardan qalan adət-ənənələri böyük məsuliyyətlə qoruyub saxlayır. Gənclər öz həyatlarını qurarkən müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətlərində yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. Hər bir xalqın tarixində ona yol göstərən şəxsiyyətlər vardır və Azərbaycan xalqı bugünkü inkişafına görə ulu öndər Heydər Əliyevə borcludur. Ulu öndərin ən böyük xidmətlərindən biri də gənclərlə bağlı məsələləri daim dövlət siyasətinin əsas tərkib hissəsi kimi müəyyənləşdirməsi olub. Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi".
Məqamət Əliyev bildirib ki, bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı Prezident İlham Əliyevə böyük etimad göstərir və öz gələcək inkişaf perspektivini məhz bu siyasi kursla bağlayır.