Qərbi Kaspi Universiteti jurnalistlər üçün mediatur təşkil edib - FOTO

Qerbi Kaspi Universiteti jurnalistler ucun mediatur teskil edib - FOTO
Qərbi Kaspi Universiteti (QKU) jurnalistlər üçün mediatur təşkil edib.

Zeferinfo.az xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər universitetin son illər elm və digər sahələrdə əldə etdiyi nailiyyətlər barədə məlumatlandırılıb.

Mediatur zamanı universitetin Qəyyumlar şurasının sədri, professor Hüseyn Bağırov deyib ki, QKU fəaliyyətini hər zaman dünyanın qabaqcıl təhsil təcrübəsinə uyğun qurmağa çalışıb. Bu gün də müasir çağırışlar qarşısında, ən qabaqcıl standartlara uyğunlaşaraq inkişaf etmək prioritetlərdən biridir: “Əsas məqsədimiz ölkə daxilində və xaricində rəqabət qabiliyyətli, əmək bazarında təhsili, biliyi, bacarığı, problemləri görmək və həll etmək qabiliyyəti hesabına özünü işlə təmin edəcək, hətta iş yerləri yaratmaq imkanına sahib ola biləcək peşəkarlar hazırlamaq, dürüst, ədalətli, ölkəsini və xalqını özünün yüksək alicənablıq keyfiyyətləri, sağlam düşüncəsi ilə təmsil edə bilən, həyatda hansı sahədə fəaliyyət göstərməsindən aslı olmayaraq, cəmiyyətdə hörmət və sevgi qazanan məzunları yetişdirməkdir”.

Bildirilib ki, fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən QKU 63 ixtisas üzrə 5000-dək tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir. Universitetdə 7 fakültə (məktəb), 18 kafedra, 11 şöbə fəaliyyət göstərir. Universitetdə çalışan 275 müəllimdən 72-si elmlər doktoru, professor, 42 nəfəri isə dosentdir. Bir sıra beynəlxalq təhlillərdə QKU SSRİ-nin süqutundan sonra yeni mühitdə yaranıb ən yaxşı 10 universitetdən biri kimi göstərilib. Əsas və günün tələbi olan fənlər yerli və xarici müəllimlər tərəfindən tədris olunur.

Qeyd edilib ki, QKU strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür. Universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar yaradılıb, tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılıb. Universitetdə tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman zalı, texnopark və klublar mövcuddur.

Təqdimat zamanı universitetin tərkibində ixtisaslaşmış Tədqiqat Mərkəzlərinin fəaliyyət göstərdiyi bildirilib. Bunlar International Center for Materials Sciences and TechnologyLife Sciences Resource Center Economic Research CenterGender Research Center, Mountain Biodiversity, Landscape, and Culture Research Institute, Western Caspian University Coordination Council for Scientific and Educational Cooperation with Asian Universities mərkəzləridir. Bu mərkəzlər fənlərarası tədqiqatların inkişafına və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.

Mediatur zamanı bildirilib ki, QKU-nun Dağ Biomüxtəlifliyi, Landşaft və Mədəniyyət Tədqiqatları İnstitutunun alimləri BMT-nin Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası (UIAA) ilə birlikdə buzlaqların həm azalma, həm də ərimə proseslərini tədqiq edirlər.

QKU-nun bir neçə tədqiqat laboratoriyaları da fəaliyyət göstərir. Universitetin Genetika və Molekulyar Biologiya laboratoriyası, Ekoloji və biomüxtəliflik tədqiqatlar laboratoriyası, Meşə artımının təhlili və Dendroxronologiya laboratoriyası, Hidrobiologiya laboratoriyası, Kimya və ətraf mühitin monitorinqi laboratoriyası, Mexanika və robototexnika mühəndisliyi laboratoriyası, Smart materialların istehsalı laboratoriyası, Fizika və Elektronika laboratoriyası, Dizayn emalatxanası və s. laboratoriyaları fəaliyyət göstərir ki, bu laboratoriyalarda müasir standartlara uyğun dərslər tədris edilir. Əlavə olaraq, Data analiz laboratoriyası və Süni intellekt sınaqları laboratoriyası yaradılacaq. Həmçinin qeyd edilib ki, QKU-nun elektronlaşma baxımından 10-dan çox komputer laboratoriyaları var və Azərbaycanda ən çox komputerlə təchiz edilən universitetlərdən biridir.

Verilən məlumata görə, QKU-nun texnoparkında XSERON süni intellekt modulu hazırlanıb. Bundan əlavə, universitetin məzunlarından ibarət “DEC” komandası, “TEKNOFEST Azərbaycan–2023” aerokosmik və texnologiya festivalında “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin qalibi olub. Həmçinin 2022-ci ilin dekabrında Qərbi Kaspi Universitetinin komandası “Product Owner's Marathon” yarışmasında qalib gəlib. Eyni zamanda, QKU “Qarabağ GreenTech” hakatonunun qalibləri sırasında yer alıb. Bundan əlavə, “STEAM Azərbaycan Festivalı 2022” çərçivəsində universitetin iki komandası I yerə, bir komanda II yerə, Qərbi Kaspi Universiteti Məktəbinin komandası isə I yerə layiq görülüb.

Təqdimat zamanı qeyd edilib ki, QKU-nun ev sahibliyi etdiyi beynəlxalq konfrans materialları SCOPUS kimi nüfuzlu beynəlxalq elmi bazada indeksləşdirilib. Məsələn, QKU-nun ev sahibliyi etdiyi “Dağlar: Biomüxtəliflik, Landşaft və Mədəniyyətlər” mövzusunda II Beynəlxalq Konfrans nüfuzlu beynəlxalq elmi baza olan SCOPUS sistemində indekslənib. Bu hadisə təkcə QKU-nun deyil, həm də daha geniş akademik ictimaiyyətin qlobal elmi məkanla inteqrasiyası və tanınması istiqamətində mühüm bir mərhələni təmsil edir.

Həmçinin qeyd edilib ki, QKU-nun təcrübə mərkəzləri və tədris binaları alternativ enerji mənbələri ilə fəaliyyət göstərir.

Bildirilib ki, QKU 12 elmi jurnal buraxmağa başlayıb. Onların ikisi 30 ildən çoxdur buraxılır. Azərbaycanda cəmi iki konfrans SCOPUS-a düşüb. Biri elmi, biri də dağlarla bağlı konfransdır. Bu ilin sonu, gələn ilin yanvarına 12 jurnalın 12-də işıq üzü görəcək. Jurnallar açıq, yəni ödənişsiz olacaq. Yeri gəlmişkən, Amerika Universitetlər və Kolleclər Assosiyasiyasının keçirdiyi “davamlı kampus” müsabiqəsində Azərbaycan universitetləri arasında QKU 1-ci yerə çıxıb. Ümumilikdə müsabiqəyə 19 ölkə qoşulub. Bu ölkələrin arasında isə QKU 11-ci yerə çıxıb.

Mediaturda xaricdə təhsil layihəsindən də bəhs edilib. Bildirilib ki, bu layihələr qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus + və Mövlanə mübadilə layihələri çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər. Qərbi Kaspi Universiteti Böyük Britaniyanın "Koventri” və bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi”, İsveçrənin UBİS və Çexiyanın NEWTON Universitetləri ilə ikili diplom layihələrini həyata keçirir. QKU irqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər bir yerindən tələbələri qəbul edir.

Xatırladaq ki, Azərbaycanın ilk qeyri-dövlət ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulub. Qərb Universiteti 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin, eyni zamanda, Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının (AESC), Siyasi Araşdırmalar Assosiasiyasının (PSA), Avropa Elm Fəlsəfəsi Assosiasiyasının (EPSA), BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN), Beynəlxalq Universitetlər Assosiasiyasının, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının (UIAA), BMT-nin Dağ əməkdaşlığı Proqramının Beynəlxalq Təhsil İdarəçiləri Assosiasiyasının və bir sıra başqa beynəlxalq təşkilat, şura və birliklərin üzvüdür.

2017-ci ildən universitetin adı dəyişdirilərək Qərbi Kaspi Universiteti adlandırılıb. 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və "Atlas” Beynəlxalq Turizm Assosasiyasının üzvü olan Qərbi Kaspi Universiteti tələbələrinin Avropa, ABŞ və dünyanın başqa ölkələrinin universitetləri, eləcə də kollec və özəl məktəblərdə təhsil almaq imkanları var.