2025-ci il iyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinq keçirib.
Zeferinfo.az xəbər verir ki, Agentliyin 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarında onlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək.
Toplantıda qeyd olunub ki, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək.
“Elmi Araşdırmalar” İctimai Birliyinin “İrəvan: hər daşı tarix”, "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” və digər layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digər aspektlərdən qiymətləndirilməsinə töhfə verəcək.
Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinə dair sərgi də təşkil olunub. Qeyd edilib ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin “İrəvan: tariximiz, torpağımız, taleyimiz”, “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabları bu qəbildəndir.
Sərgidə təqdim olunan materiallarda Qərbi Azərbaycan mövzusu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdim olunub.
Sonda Qərbi Azərbaycan mətbəxinə dair qənnadı nümunələri iştirakçılara təqdim olunub.