Qərbi Azərbaycan mədəni yaddaşına həsr olunmuş layihə uğurla həyata keçirilib

Qerbi Azerbaycan medeni yaddasina hesr olunmus layihe ugurla heyata kecirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclərin milli-mədəni irsə bağlılığının gücləndirilməsinə yönəlmiş “Keçmişin İzləri: Qərbi Azərbaycan Adət və Ənənələri” adlı qrant layihəsi uğurla icra olunub.


Zeferinfo.az-a verilən məlumata görə layihə çərçivəsində Qərbi Azərbaycandan köç etmiş insanların yaddaşında qorunan ənənə və dəyərlərin gələcək nəsillərə ötürülməsi məqsədilə videomüsahibələr hazırlanıb. Müsahibələrdə yaşlı nəsil nümayəndələri öz xatirələrini bölüşərək toy adətləri, gündəlik məişət, ailə dəyərləri və mədəni ənənələr haqqında danışıblar.


Hazırlanan videomateriallar ictimaiyyətə təqdim edilərək həm gənc nəslin milli kimliklə bağlı biliklərinin zənginləşdirilməsinə, həm də tarixi yaddaşın qorunmasına mühüm töhfə verib. Layihənin nəticəsi olaraq 10 müsahibə lentə alınıb və ictimaiyyətə açıq resurs kimi istifadəyə verilib.


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi bu təşəbbüs Qərbi Azərbaycan mövzusunun ictimaiyyət arasında daha geniş işıqlandırılmasına xidmət edən uğurlu model kimi qiymətləndirilə bilər.

Layihənin rəhbəri gənc fəal Müşfiq Mehtizadə olub.