Qazaxıstanın turizm şirkətlərinin rəhbərləri Azərbaycanın şimal bölgəsində olublar – FOTOLAR

Qazaxistanin  turizm sirketlerinin rehberleri Azerbaycanin simal bolgesinde olublar – FOTOLAR
 
Qubada turizm sahəsində ikitərəfli əməkdaşlığın dərinləşməsinə və iki ölkə arasında turizm axınının intensivləşməsinə yönələn Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib. Şahdağ Quba Truskavets sanatoriyasında baş tutan tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel, səfirliyin əməkdaşları, Qubadan olan millət vəkili Əlibala Məhərrəmzadə, Azərbaycan Dövlət Turizm Agentliyi və Turizm Bürosunun rəsmiləri, Azərbaycanın və Qazaxıstanın Turizm Bələdçiləri Assosiasiyalarının nümayəndələri, iki ölkənin iri turizm şirkətləri, bloqerlər, ümumilikdə 70-dən nəfərdən çox adam iştirak edib.

Səfir Alim Bayel Qazaxıstan və Azərbaycanın strateji tərəfdaş və müttəfiq olduğunu xatırladıb, ikitərəfli əməkdaşlıq bütün sahələrdə, o cümlədən turizm sahəsində müsbət dinamika ilə inkişaf etdiyini dilə gətirib. Diplomat qazaxıstanlıların Azərbaycana və azərbaycanlıların Qazaxıstana artan marağını xüsusi vurğulayıb. Statistik məlumatlara diqqət çəkən səfir bildirib ki, son illər əsasən, Azərbaycanı ziyarət edən Mərkəzi Asiyadan olan turistlərdən hər ikincisi Qazaxıstandan olub. Belə ki, bu ilin yanvar – iyul aylarında Azərbaycanı 58 841 qazaxıstanlı turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 58% artım deməkdir. Ümumilikdə, Azərbaycana turizm axınının dinamikasına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdə qərarlaşıb. Səfir onu da bildirib ki, yaxın vaxtlarda Qazaxıstanın şərqində yerləşən ən gözəl guşələrdən biri – Alakol gölünün sahilində Azərbaycan sərmayələri ilə yeni sanatoriya-kurort kompleksinin tikintisi planlaşdırılır.

Çıxış edən Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə bildirib ki, Azərbaycan və Qazaxıstan arasında ticarət, turizm, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı istiqamətində razılıqlar iki ölkənin iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi baxımından yeni imkanlar açır. Qeyd edib ki, sözügedən əməkdaşlıq xətti də iki ölkənin mövcud ticarət münasibətlərini daha da şaxələndirməyə yönəlib.

Görüş zamanı Azərbaycanın turizm sənayesinin nümayəndələri tədbir iştirakçılarına ölkəmizin məşhur turizm marşrutları haqqında söz açdılar, Azərbaycan və Qazaxıstanın unikal, ecazkar təbiətini nümayiş etdirən video və foto matriallar nəzərdən keçirildi. Bundan başqa, tədbir çərçivəsində iki ölkənin turizm agentlikləri rəhbərlərinin qarşılıqlı görüşləri baş tutub, əməkdaşlıq haqqında memorandumlar imzalanıb. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə konkret layihələrin icrasına dair niyyətlərini açıqlayıblar.

Eyni zamanda Qazaxıstandan olan turizmçilərin Azərbaycanın şimal bölgəsi ilə tanışlıq turları təşkil olunub. Qeyd etmək lazımdır ki, 2024-cü ilin iyulunda azərbaycanlı səyahət bloqerlərin Qazaxıstana ilk turu baş tutub, səfər çərçivəsində onlar Almatı, Şımkent və Türkistan şəhərlərini, habelə Almatı vilayətini ziyarət ediblər. Tədbir iştirakçıları bu cür səfərlərin qarşılıqlı turist axınını artıracağına əminliyini ifadə ediblər.

image-save_20250908_194302 image-save_20250908_194256 image-save_20250908_194249 image-save_20250908_194132 image-save_20250908_194122 image-save_20250908_194114 image-save_20250908_194105 image-save_20250908_194058 image-save_20250908_194051 image-save_20250908_194041 image-save_20250908_194035 image-save_20250908_194028 image-save_20250908_194020 image-save_20250908_194008