Tədbirin rəsmi hissəsinin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirin mahiyyəti barədə məlumat verib, konfransın Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanlıların öz evlərindən mərhələlərlə deportasiya edildiklərini, bu ağrılı proses zamanı yaşadıqları müsibətləri dilə gətirib. Sədr İcmanın geri qayıdış istiqamətində apardığı işə toxunub.
Milli Məclisin deputatı Əli Məsimli Qərbi Azərbaycanlıların öz el-obalarına geri qayıdış əzmi və istəyindən bəhs edib, Vətən həsrətlərindən danışıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşişkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova konfransın Qaxda keçirilməsinin önəmini və elmi-praktiki xarakter daşımasını xüsusi vurğulayıb. Mahirə Hüseynova tarixi Azərbaycan torpaqlarında həyata keçirilən deportasiyalar, maddi və qeyri-maddi mədəni irsi ilə bağlı araşdırmalarının aparılmasının indi və gələcək nəsillər üçün olan önəmindən bəhs edib.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarıldığını, onların böyük ümid və əminliklə geri qayıdacaqları günü gözlədiklərini vurğulayıb.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Qaya Məmmədov beynəlxalq hüquqda əks edilən geri qayıdış hüququndan bəhs edib. O, Qərbi Azərbaycana qayıdışın zərurət olduğunu vurğulayıb, soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının aspektlərindən danışıb.
Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Şahin İsmayılov gənclərin Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılmasında önəmli rol oynadığını, nəsildən nəsilə ötürülməsində vacib halqa olduqlarını vurğulayıb.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deportasiyalar zamanı qadınlar və uşaqların yaşadığı ağrı-acılara toxunub, beynəlxalq hüquqa əsasən bu həssas qrupun geri qayıdış prosesi zamanı xüsusi diqqət görməli olduğunu bildirib.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı doğma torpaqlarda yaşadığı xatirələrdən bəhs edib. Deputat Qərbi Azərbaycanla bağlı mövcud olan ikili standartlardan, soydaşlarımızın geri qayıdış hüququnun bəzi dairələr tərəfindən görməzdən gəlinməsinə diqqət çəkib.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini, əməkdar jurnalist Telli Pənahqızı Qərbi Azərbaycanlı qadınların yurd həsrətini dilə gətirib, deportasiyalar nəticəsində zərər görən ədəbi irsə toxunub.
Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi Həsən Tarverdiyev Qərbi Azərbaycan reallıqlarının regionlarda daha geniş təbliğ edilməsi istiqamətində olan işlərdən danışıb.