Qardaş ölkədə şəhidlərin xatirəsinə həsr edilmiş tədbir keçirilib

Xəbər verdiyimiz kimi, sentyabrın 15-də Naxçıvan Muxtar Respublikasında yaşayan bir qrup şəhid ailəsi üzvü və qazi Vətən müharibəsinin 5 illiyinə həsr olunmuş, Azərbaycan və Türkiyə arasında ortaq milli mədəni dəyərlərin təbliği, şəhid ailələri və ictimaiyyət nümayəndələri arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə keçirilən “Zəfər ruhunda birləşənlər” layihəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyə Respublikasının İğdır şəhərinə yola düşüb.
İğdır şəhərində “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, İğdır Azərbaycan Evi, Türkiyə Müharibə Əlilləri, Qaziləri və Şəhidləri Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.
Sonra çıxışlar olub. İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma Dərnəyinin sədri Ziya Zakir Akar, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, Vətən müharibəsi şəhidi Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, Türkiyə Müharibə Qaziləri, Şəhid Dulları və Yetimlər Dərnəyinin İğdır şöbəsinin sədri Orxan Severli, İğdır Şəhid Ailələrinə Yardım və Həmrəylik Dərnəyinin sədri Ahmet Akdeniz, “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvü, qazi Pərviz Muradov, Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulu Zamin Əliyev, İğdır valisinin müavini Abdurrahman Çelebi çıxış ediblər.
Naxçıvan Muxtar Respublikasında Türkiyə Respublikasının Baş konsulu Asip Kaya çıxışında Türkiyə və Azərbaycan xalqlarının müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsindən, iki qardaş ölkə arasındakı dostluq və dəstək münasibətlərindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Üzeyir Məmmədov bu cür tədbirlərin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, hər iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etməsi qürurvericidir. Şəhid ailələri və qazilərin qarşılıqlı əlaqədə olması, milli-mənəvi dəyərlərin təbliği baxımından xüsusi önəm daşıyır. Deputat gələcəkdə də bu cür tədbirlərin keçiriləcəyinə ümidvar olduğunu bildirib və qarşı tərəfin təşkilatçılarına təşəkkürünü ifadə edib.
Digər çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbənin əhəmiyyətindən danışılıb və vurğulanıb ki, 2020-ci ilin Vətən müharibəsi və 2023-cü il antiterror tədbirlərinin iştirakçılarının qəhrəmanlığı Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazılıb. İşğaldan azad olunmuş torpaqlar Türk dünyasının tarixində dönüş nöqtəsinə çevrilib və türk dövlətlərinin birliyinin möhkəmlənməsinə mühüm təkan verib. Qeyd olunub ki, Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, birlik və haqq-ədalət uğrunda mübarizəyə heç bir qüvvə qalib gələ, müqavimət göstərə bilməz. Vətən müharibəsində əldə olunan qələbə Bakı ilə Ankara arasında əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradıb.
Tədbir zamanı 44 günlük Vətən müharibəsinin itkin şəhidi İbrahim Vəlizadənin atası Səməd Vəlizadə tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin layihəsi əsasında hazırlanmış “100 ilin qəhrəmanları” kitabı İğdır Valisinin müavini Abdurrahman Çələbiyə hədiyyə olunub.
Daha sonra Azərbaycan və Türkiyə arasında ortaq milli-mənəvi dəyərlərə, Qarabağ və Çanaqqala şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində Azərbaycan və Türkiyədən olan şəhid ailələrinin üzvləri, eləcə də qazilər İğdırın simvollarından biri olan muzeyi və 1915-2015-ci illərdə Şərqi Anadoluda erməni silahlı dəstələrinin cinayətlərinin qurbanı olmuş dinc sakinlərin xatirəsinə ucaldılmış beş qılınc formasındakı abidəni ziyarət ediblər.
Daha sonra tədbir iştirakçıları “Bir millət, iki dövlət” devizi altında şəhidlərin əziz xatirəsinə həsr edilmiş ağacəkmə aksiyasında iştirak ediblər.
Tədbirlər yekunlaşdıqdan sonra xatirə fotosu çəkdirilib.
Bəxtiyar ƏLİYEV
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi