Qarabağdakı ekoloji böhranla bağlı Qırğızıstan ictimaiyyətinə məlumat verilib
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə Qırğız Milli Universitetində" İqlim dəyişikliyində ekoloji terrorun rolu - Qarabağ nümunəsində” Bişkek Konfransı baş tutub.
Zeferinfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin professoru Kayrat Osmanaliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağda apardığı quruculuq işlərindən, ekoloji terrora məruz qalan bu ərazilərdə tarixi irsin necə məhv edilməsindən bəhs edib.
O, dost və qardaş Qırğızıstanın dəstəyi ilə Ağdamda tikilməkdə olan orta məktəb binasının Azərbaycan-Qırğızıstan dostluğunun növbəti simvollarından biri olduğunu bildirib.
Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov Azərbaycanın dünyanın ən nüfuzlu tədbirlərindən biri olan COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsinin tarixi uğur olduğunu deyib və bu tədbirdə imzalanan sənədlərin dünya üçün əhəmiyyətindən bəhs edib.
Ə.Ağalarov işğal dönəmində Qarabağda həyata keçirilən ekoloji terrorun ağır nəticələri haqqında da konfrans iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, COP29 öncəsi Azərbaycana qarşı dünya mediasında dezinformasiya kampaniyası aparılıb. Ancaq Azərbaycan mötəbər tədbirə ən yüksək səviyyədə hazırlaşıb və bütün bu kampaniyalar heç bir nəticə verməyib.
Tədbirdə çıxış edən digər natiqlər mövzular üzrə akademik məqalələrini konfrans iştirakçılarının diqqətinə çatdırıblar.