Şuşa, Xankəndi, Ağdam, Kəlbəcər və digər rayonlar bu gün faktiki, böyük tikinti meydanıdır.
Prezident erməni işğalından azad edilən ərazilərin işğaldan əvvəlki vəziyyətə gətirilməsi üçün konkret tapşırıqlar verir və həmin tapşırıqlar bir çox istiqamətləri əhatə edir. Yəni, tək insanların məskunlaşması üçün yaşayış məntəqələri, binalar, fərdi evlər tikilmir, eləcə də, xalqımıza məxsus tarixi-dini və mədəniyyət abidələri bərpa olunur, azad edilən ərazilərə köç edən insanların ixtiyarına verilir.
Məskunlaşma geridönməz prosesdir və 30 ildən sonra torpaqlarını düşmən tapdağından azad edən xalqımız baş verənlərin məsuliyyətini yaxşı dərk edir. Vətənpərvərlik ana torpağa sədaqətdən, onu əkib-becərməkdən, torpağı qorumaqdan keçir.
Bu gün Prezident İlham Əliyevin göstərişləri əsasında Qarabağda cənnət yaradılır.
Yeni Qarabağ işğaldan öncəki Qarabağın bütün özəlliklərini özündə daşıyır, bu, həm də tarixlə müasirliyin vəhdətinə nail olmaq baxımından önəmlidir. Gələcək nəsillər doğma vətənin nəfəsini duymalı, onun təhlükəsizliyinin təmini üçün böyük məsuliyyət daşıdıqlarını anlamalı və ana torpağa bağlı olduqlarını dünyaya nümayiş etdirməlidirlər. Bu, xalqımızın müstəqillik, suverenlik uğrunda canlarını qurban vermiş şəhidlərimizə olan ehtiramın ifadəsi anlamına gəlir. Qarabağ və Şərqi Zəngəzura qayıdışın mənəvi anlamı həm də budur.
Regiona qayıdış həm də mənəvi anlam daşıyır
Hazırda rəsmi məlumatlara görə, 10 minə yaxın keçmiş məcburi köçkün azad edilən ərazilərə qayıdaraq gözəl şəraitlə təmin olunub və həyatını qurub. Amma proses bundan sonra daha da sürətlənəcək.
Çünki, 30 il torpaqlarımızı tar-mar edən ermənilərin törətdikləri mina terroru, eləcə də, ekologiyaya vurduqları zərbə sürətlə aradan qaldırılır. Minalardan tam təmizlənmiş ərazilərə insanlar hissə-hissə köçürülür. Ərazilərin minalardan təmizlənməsi məsələnin yalnız bir tərəfidir. Təhlükənin tam aradan qaldırılmadığı bölgələrdə yeni infrastrukturun yaradılması da müəyyən vaxt aparır ki, dövlət məhz bu istiqamətdə davamlı addımlar atır.
-Hazırda yaşayışın olduğu, yəni, əhalinin köç etdiyi yaşayış məntəqələrinin sayı 20-ni keçir;
-2021-ci ildən qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayrılıb;
-Bütövlükdə, azad edilmiş ərazilərdə yaşayan və işləyən insanların ümumi sayı 50 minə yaxınlaşır;
-“Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi nəzərdə tutulur.
Şübhəsiz, növbəti illərdə də dövlət büdcəsindən azad edilən ərazilərin bərpası və qayıdış üçün yeni vəsait ayrılacaq. Bu, Azərbaycanın iqtisadi imkanlarının hər il artdığını və Qarabağın dirçəlişinin dövlət prioritetləri sırasında aparıcı yerini qoruyub saxladığını göstərir.
Məskunlaşma sıralamasinda yeni ünvanlar
Dövlət başçısının azad edilən ərazilərə indiki səfəri də yeni açılışlar, təməlqoyma mərasimləri ilə yadda qalır. Belə ki, Füzuli, Xocalı və Xocavəndin bir neçə yaşayış məntəqəsi əhalinin məskunlaşdığı yerlərə çevrilir. Artıq Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələri, eləcə də, rayonun Sos kəndi Böyük Qayıdış proqramına əsasən, insanların köç etdiyi növbəti yaşayış yerləri kimi tarixə keçir.
Həmçinin, Xocalının Seyidbəyli, Daşbulaq, Şuşakənd və Badara kəndlərində bundan sonra azərbaycanlılar – bu yerlərin aborigen xalqının nümayəndələri yaşayacaqlar.
Bəli, qayıdış bəzi özəlliklərlə müşayiət olunur.
Prezidentin də vurğuladığı kimi, artıq insanların azad edilən bölgələrə qayıtması üçün daha real zəmin var. Məsələn, əgər quruculuq işlərinin ilk 4 ilində prioritet infrastruktur layihələrin icrası sayılırdısa, indiki mərhələdə müasir şəhərsalma standartları çərçivəsində qurulan bölgələrin ölkə iqtisadiyyatına reinteqrasiyası əsas hədəfə çevrilir. Növbəti mərhələ Qarabağın təbii resurslarını üzə çıxarmaq, zəngin flora və faunaya sahib bölgələrimizi dünyada turizm zonaları kimi tanıtmaq olacaq.
Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda yaşamaq üçün hər bir şərait yaradılır. Görülən işlər sırasında bunları da göstərmək olar:
-azad edilən ərazilər dairəvi elektrik şəbəkəsi ilə təmin edilib və ölkənin ənənəvi elektrik təsərrüfatına qoşulub;
-280 meqavat gücündə su elektrik stansiyaları enerji istehsal edir və həmin enerji Qarabağdan Azərbaycanın digər bölgələrinə gedir;
-Ağdam-Xankəndi-Şuşa yolu istiqamətində 7 tunel inşa edilib və onların ümumi uzunluğu 80 kilometrdir;
-dəmir yolları çəkilir, bir neçə gün bundan öncə Ağdama ilk qatar yola salındı. Ağdam-Xankəndi dəmir yolunun isə təməli qoyulub;
-Xankəndi-Şuşa, Laçın və Kəlbəcərdə kanat yollarının tikintisi barədə Prezident tərəfindən verilən qərarlar var.
Azərbaycan elmi və mədəni irsi Qarabağa qayıdır
Daha bir maraqlı cəhət. Qarabağ və Şərqi Zəngəzur sürətlə elm və mədəniyyət mərkəzinə çevrilir. İşğala son qoyulduqdan sonra hər il Şuşada Vaqif Poeziya günləri, habelə, “Xarı Bülbül” musiqi festivalının təşkili, Ağdamdakı Muğam Mərkəzində keçirilən tədbirlər, bu günlərdə 9-cu Muğam Müsabiqəsinin final mərhələsinin Laçında gerçəkləşməsi mədəniyyət, incəsənət və ədəbiyyatımızın azad edilən bölgələrə qayıtdığının faktoloji təsdiqidir. Bu tədbirlər Qarabağ səmasında bir də heç vaxt vəhşi qəbilə musiqisinin eşidilməyəci anlamına gəlir.
Artıq elm və təhsil sistemi də Qarabağ və Şərqi Zəngəzurda ilk addımlarını atır. Bir neçə il bundan öncə açılışı baş tutan Xankəndidəki Qarabağ Universitetində hazırda 1500 tələbə oxuyur, onlara 300 müəllim dərs keçir. Qarabağ Universitetindən məzun olacaq tələbələrin bir hissəsi məhz bu bölgədə fəaliyyətlərini davam etdirəcəklər. Deməli, yeni Qarabağın yaradılması üçün kadr potensialı məhz azad edilən ərazilərdə formalaşır.
Qarabağ Universiteti, bölgədə açılan tibb müəssisələri, sənaye kompleksləri, fermer təsərrüfatları və digər layihələr bir tərəfdən yenidənqurma işlərinin səmərəliliyini, digər tərəfdən, əhalinin tam məskunlaşması üçün sosial-psixoloji məsələlərin həll edildiyini göstərir.
Çünki, doğma torpağına köç edən insanlar üçün əsas hədəflərdən biri onların məşğulluğunun təmin edilməsidir. Azad edilən bölgələrdə yaradılan sosial-iqtisadi və mədəni infrastruktur həm də bu istiqamətdə mövcud çətinliklərin aradan qaldırılmasına xidmət edəcək. Böyük Qayıdış proqramı çərçivəsində qarşıya qoyulan vəzifələr sırasında
-yerli icmaların yaradılması,
-insanlar arasında sosiallaşmanın təmini,
-sakinlərin yerli şəraitə uyğunlaşdırılması, əvvəlki dövrlərdə olduğu kimi kənd, qəsəbə həyatı yaşaması üçün mühüm işlərin görülməsi əhəmiyyətli yer tutur.
Prezidentin hər səfəri Qarabağın dünyaya təqdimatıdır
Beləliklə, Prezident İlham Əliyevin son Qarabağ səfəri, Xocavənd, Xocalı və Füzulidə yeni yaşayış məntəqələri və infrastruktur layihələrinin təməlinin qoyuluşu, habelə, uzun illər ermənilərin nəzarətində olan Hadrut və Qırmızı Bazar qəsəbələrində fərdi yaşayış evlərinin tikintisi, bu bölgəyə köçən sakinlər üçün hər cür şəraitin qurulması, dini abidələrin bərpası tezliklə bütün Qarabağda işğaldan öncəki ənənələrin bərpa ediləcəyinə, regionun dirçələcəyinə və Azərbaycan iqtisadiyyatının bir parçasına çevriləcəyinə şübhə yeri qoymur. Və sonda bütün bunlar Qarabağlı Azərbaycanın dünyaya ən effektiv şəkildə təqdimatına gətirib çıxaracaq.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı