Qarabağ Zəfəri İstanbulda möhtəşəm konsert proqramı ilə qeyd edilib
Qarabağ Zəfərinin dördüncü ildönümü münasibətilə İstanbulun Sureya Operasında “Dədə Qorqud” kamera orkestrinin möhtəşəm konserti keçirilib.
Zeferinfo.az xəbər verir ki, konsert proqramı Azərbaycanəsilli vəkil Nərgiz Attarın rəhbərliyi ilə Mədəniyyətlərarası Əlaqə Dərnəyinin himayəsində, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin mənəvi dəstəyi ilə təşkil olunub. Konsertdə tanınmış dirijor, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun dirijorluğu ilə dünyaşöhrətli fleyta ustası, Türkiyənin dövlət solisti və Türkiyə Prezidenti Administrasiyasının Mədəniyyət və Sənət Mükafatına ilk layiq görülən sənətçi, UNICEF tərəfində “Türkiyə yaxşı niyyət elçisi” elan edilən Şəfiqə Kutluerin ifası dinlənilib.
Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərinin yer aldığı konsert proqramında olduqca zəngin repertuar tamaşaçılara təqdim edilib. Anşlaqla keçən konsert proqramı tamaşaçıların alqışları ilə qarşılanıb.
GOP29-un davam etdiyi və dünyanın diqqətinin Azərbaycanda olduğu bu günlərdə, Qarabağ Zəfərinin əhəmiyyətini mədəniyyətin dili ilə geniş kütlələrə çatdıran konsertin hər il mütəmadi olaraq müxtəlif ölkələrdə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Yalçın Adıgözəlov və Şəfiqə Kutluerin iştirakı ilə “Dədə Qorqud” kamera orkestrinin növbəti konserti Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfoniya Orkestr Salonunda keçiriləcək.