Qarabağ Universitetinin ilk tələbələri sevinclərini bölüşdülər
Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumata əsasən ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb.
Bu il rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. İlk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki ali təhsil ocağında təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir.
Qarabağ Universitetinin tələbəsi adını qazanan iki nəfər - Sevinc Salayeva və Nurlan Mahmudov öz hisslərini Zeferinfo.az-la paylaşdı.
Sevinc Salayeva Masallı rayonu, Ədalət Vəliyev adına tam orta məktəbin məzunu:
"Müəllimlik uşaqlıq arzum olub. Həmin xəyalım gerçəkləşdi. Qarabağ Universitetinin ibtidai sinif müəllimliyinə qəbul olmuşam. Sözügedən ali təhsil müəssisəsinin ilk tələbəsi adını qazanmaq isə ayrı bir qürurdur".
Nurlan Mahmudov Quba rayonu, şəhid Elşad Bayramov adına tam orta məktəbin məzunu:
"Prezident, Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ildə hərbçi əmim və onun kimi mərd, qeyrətli oğullarımızın şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Allah şəhidlərimizə rəhmət eləsin! Ən böyük diləyim həmin torpaqlara getmək idi. Dövlətimizin bizə yaratdığı fürsətdən istifadə edərək imtahan verdim və böyük fəxr hissi ilə Qarabağ Universitetini seçdim. Həmin ali təhsil ocağının iqtisadiyyat ixtisasına daxil oldum".
Xatırladaq ki, ixtisas seçimi avqustun 20-si başa çatıb.
Zeferinfo.az