Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir.
Zeferinfo.az xəbər verir ki, forumda elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.
Forum çərçivəsində "Böyük Qayıdış: Çağırışlar və imkanlar", "Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları" adlı iki panelin keçirilməsi nəzərdə tutulub.
Həmçinin Qarabağ Universitetinin tələbələrinin təqdimatında musiqili proqram da baş tutacaq.
İlki çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib ki, Qarabağ Universitetinin aparıcı Universistetlərdən birinə çevirilməsi üçün müxtəlif istiqamətlərdə işlər görülür.
Onun sözlərinə görə, forumun keçirilməsində əsas məqsəd təhsil sahəsində irəlliləmək üçün səfərbər olmağa çağırışdır: "1150 tələbəsi olan Qarabağ Universiteti hazırda kifayət qədər yaxşı irəliləyir. Onun gələcək üçün daha da inkişaf etməsi bizim əsas məqsədlərimizdəndir".
Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında bildirib ki, Qarabağ Universiteti Xankəndinin inkişafında mühüm rol oynayır və gələcəkdə də oynayacaq.
“Əsas məqsədimiz odur ki, təhsil sahəsində inkişaf yalnız dövlətin sifarişi ilə deyil, həm də cəmiyyətin, özəl sektorun və iş dünyasının iştirakı ilə mümkün olsun”, - deyən Emin Əmrullayev bildirib ki, Azərbaycanın inkişafında Qarabağ Universitetinin də öz rolu olacaq: “Bu ali təhsil müəssisəsinin ölkənin gələcək inkişafına töhfə verməsi əsas məqsədlərimizdən biridir. Bu təhsil müəssisəsi iş dünyasına nə verə bilər? Bu sual üzərində də düşünürük. Əsas məsələ ortaq məqsədin olmasıdır. Həm təhsil müəssisəsinin, həm də özəl sektorun kəsişdiyi nöqtə var. Vacib olan bu kəsişmə nöqtəsini tapmaqdır”.