Qarabağ Dirçəliş Fondu gələn il azad olunan ərazilərə 100 milyon manatdan çox vəsait ayırmağa hazırdır
Qarabağ Dirçəliş Fondu 2025-ci ildə işğaldan azad olunan ərazilərə 100 milyon manatdan artıq vəsait ayırmağa hazırdır.
Zeferinfo.az-ın məlumatına görə, bunu Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev fondun 2025-ci il üçün nəzərdə tutulan təşviqat fəaliyyəti çərçivəsində yeni əməkdaşlıqların müzakirəsi məqsədilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, fondun "yaşıl enerji" ilə bağlı da planları var:
"Hazırda bu proses yekunlaşmadığına görə rəqəmləri səsləndirə bilmərəm. Lakin gələn ilin əvvəlində layihələr haqqında daha konkret danışa biləcəyik".
R.Hacıyev məlumat verib ki, Fonda müharibədən dərhal sonra daha çox ianə daxil olub:
"Həmin dönəmdə 800 milyon manatdan artıq ianə toplanmışdı. 2022-ci ildə 400 milyondan çox, keçən il 200 milyondan bir az artıq, bu il isə 100 milyon manata yaxın ianə edilib".
Onun sözlərinə görə, eyni zamanda, fondun həmin sərbəst vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlir çoxalır: "Biz bu vəsaitlə ölkə rəhbərliyinin vizyonuna uyğun olaraq həm dövlət büdcəsini dəstəkləyirik, həm də Fonda əlavə mənfəət cəlb edirik".