Psixoloqlarla görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin psixoloqlarının iştirakı ilə görüş keçirilib.
Onlayn formatda təşkil olunan görüşdə 2025-2026-cı tədris ilində psixoloqların fəaliyyətinə dair aparılacaq monitorinqlərdə nəzərə alınacaq əsas meyarlar təqdim olunub.
Görüş zamanı məktəb psixoloqlarının fəaliyyətində sistemlilik, sənədləşmə, şagirdlərlə fərdi və qrup məşğələlərinin təşkili, valideyn və müəllimlərlə əməkdaşlıq, həmçinin peşə etikası və məxfilik prinsiplərinə riayət məsələləri müzakirə olunub.
İnteraktiv müzakirə şəraitində keçən görüşdə psixoloqların sualları cavablandırılıb, təklifləri dinlənilib.
Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd psixoloqların fəaliyyətinin səmərəliliyini artırmaq, ümumi təhsil müəssisələrində psixoloji xidmətin keyfiyyətini yüksəltmək və vahid yanaşma formalaşdırmaqdır.