Prezident və birinci xanım Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər

Zeferinfo.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.
Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.
Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.
Yeni park isə paytaxtın "yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.





