Prezident İlham Əliyev müsahibəsində Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu marşrut təkcə iqtisadi layihə deyil, Avrasiya regionunda inteqrasiyanın strateji arteriyasıdır. Aktau və Ələt limanları arasında yükdaşımaların artırılması, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik xəttin tikintisi və enerji dəhlizlərinin genişləndirilməsi iki ölkənin texnoloji və iqtisadi potensialını birləşdirir.
Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətin gələcək inkişafının möhkəm təməlidir. Bu gün bu təməl konkret məzmunla zənginləşdirilir və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar artıq reallaşır.
O cümlədən, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar həyata keçirilir.
Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfəri çərçivəsində Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmlər və qrafiklər müzakirə edilib və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bütövlükdə Azərbaycan Qazaxıstan münasibətləri yalnız iki ölkə üçün deyil, eyni zamanda bütün Türk dünyasının gələcəyini müəyyən edən birgə strateji xəritənin əsas istiqamətlərindən biridir. Bu münasibətlər Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə və qarşılıqlı etimada əsaslanan inteqrasiya modelinin formalaşmasına xidmət edir. Azərbaycan liderinin müsahibəsində isə bütün bu məsələlərə aydın və əhatəli şəkildə toxunulub.