Peşə əmək qabiliyyətinin itirilməsinə dair yeni qaydaları zəruri edən səbəb açıqlanıb

Zeferinfo.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Bu təyinat nəticəsində də vətəndaş sistem üzərindən əgər əlillik təyinatı varsa, səbəb-əlaqə olaraq istehsal qəzası göstərilirdi və müvafiq qaydada həmin məlumatları iş yerinə ötürürdü. Əlilliyin müəyyən edilməsi meyarlarında əlillik təyinatı üçün orqanizmin funksiyasının pozulması dərəcəsi 30%-dən yuxarı olaraq qəbul edilir. 30%-dən yuxarı olan təqdirdə vətəndaşa əlillik təyin olunur və istehsalat qəzası səbəbindən əlillik müəyyən edilmiş olur. Lakin istehsal qəzası nəticəsində vətəndaşın xəsarət dərəcəsi, orqanizmin funksiyasının itirilmə dərəcəsi 30%-dən aşağı olacağı təqdirdə təəssüf ki, hansı faiz dərəcəsi ilə onun tənzimlənəcəyi qanunvericilikdə təsbit olunmamışdı. Bu boşluqları aradan qaldırmağa çalışırdıq. Amma bu sahədə boşluğun, bir qayda əksikliyinin olduğu müəyyənləşdirildi və bunun üçün belə bir qayda ərsəyə gətirildi”, - deyə Ramin Rzayev qeyd edib.
Qeyd edək ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair yeni qaydalar olacaq. Qanun layihəsi qəbul edildikdən sonra sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinin yeni qaydaları qüvvəyə minəcək.