Perinatal Mərkəzin direktoru 7 körpənin öldüyü yanğınla bağlı ifadə verməkdən imtina edib - MƏHKƏMƏ

Perinatal Merkezin direktoru 7 korpenin olduyu yanginla bagli ifade vermekden imtina edib - MEHKEME

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə prosesi davam etdirilib.

Zeferinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Mehriban Abasquliyevaya sərbəst ifadə verməyi təklif edib.

Təqsirləndirilənin vəkilləri isə müvəkkillərinin hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildiriblər.

Dövlət ittihamçısı Mehriban Abasquliyevanın ifadə vermək istəmədiyini ifadə verməmək kimi qiymətləndirilib. Onun ibtidai istintaqda verdiyi ifadəsini elan edib.

İttiham aktından məlum olub ki, Mehriban Abasquliyeva 11 ay Perinetal Mərkəzin direktoru işləyib. Ancaq vəkil Əliövsəd Abasov müvəkkilinin ibtidai istintaqda verdiyi sonuncu ifadəsinin elan olunmasını istəyib və hakim vəkilin təklifi ilə razılaşıb.

Məhkəmənin növbəti prosesi fevral ayının 10-da keçiriləcək.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.