Pensiya islahatları: DSMF-nin investisiya fəaliyyəti nə vəd edir...

Pensiya islahatlari: DSMF-nin investisiya fealiyyeti ne ved edir...
 

Ölkədə həyata keçirilən davamlı və ardıcıl sosial islahatlar pensiya sahəsini də əhatə edərək, pensiyaçıların sosial rifahının daha da gücləndirilməsinə müvafiq şərait yaradıb. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2025-ci ildə sayca 5-ci sosial paket reallaşdırılıb.

Təbii ki, 2018-ci ildən etibarən reallaşdırılmış sosial paketlərdə olduğu kimi sözügedən sosial paketdə də bir sıra sosial ödənişlərin artırılması çərçivəsində pensiya ödənişlərinin də artırılması müşahidə edilib.

Belə ki, minimum pensiya cari ilin 1 fevral tarixindən etibarən 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb. Bu məbləğdən aşağı olan pensiyalar həmin vaxtdan 320 manata çatdırılıb və cari ilin fevralın 1-dən pensiya hüququ yaranmış şəxslərə təyin olunacaq pensiyanın minimum məbləği də 320 manat olub. Bu o deməkdir ki, bu gün ölkədə sözügedən məbləğdən aşağı pensiya mövcud deyildir. Bütövlükdə isə, 2018-ci ildən etibarən ölkədə reallaşdırılmış effektiv sosial siyasət çərçivəsində minimum pensiya 3 dəfəyədək, orta aylıq pensiya 2,6 dəfə artıb.

Digər tərəfdən burada önəmli istiqamətlərdən biri məhz 2023-cü ildən etibarən pensiyaların indeksləşmə çərçivəsində hər ilin yanvar ayının 1-dən etibarən artırılmasıdır. 2025-ci ildə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq pensiyalar indeksləşdirmə çərçivəsində 8,1 faiz artıb. Sözügedən artımlar elektron olaraq avtomatik şəkildə təyin edilir ki, bu da vətəndaşların bu prosesin reallaşmasına əlavə vaxt ayırmalarının qarşısını alır. Bu iki istiqamətli artım məhz əhalinin geniş kateqoriyalarının sosial rifahının artırılmasına yönəlib. Bütövlükdə bu artımları statistikalarda da görmək mümkündür. Belə ki, 2025-ci ilin I yarımilində pensiyaların orta aylıq məbləği 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 539 manata, yaşa görə pensiyaların orta aylıq məbləği isə 9 faiz artaraq 574 manata çatıb.

Qeyd olunmalıdır ki, burada pensiya artımlarının maliyyələşdirmə mənbələrinin tədqiqi də, zənnimizcə, önəmlidir. Bütövlükdə 2018-ci ildən etibarən pensiyaların ödənişi üçün ayrılan illik vəsait 2 dəfə artıb. 2025-ci ildə isə isə pensiyaların ödənilməsi xərclərinin 2024-cü ilə nisbətdə 11 faiz artırılması nəzərdə tutulur ki, bu da  xərclərin 710 milyon manatlıq artımla 7 milyard 210 milyon 530 min manat olmasını səciyyələndirməkdədir.

Uzunmüddətli perspektivdə pensiya artımının dayanıqlılığının qorunması kontekstində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya fəaliyyəti ilə məşğul olması, zənnimizcə, olduqca effektiv nəticələr verə bilər. Belə ki, DSMF-nin investisiya fəaliyyətini həyata keçirməsi öz resurslarının genişləndirilməsi ilə nəticələnəcəkdir. Bu fəaliyyət DSMF-ni ölkə iqtisadiyyatının investisiya institutlarından birinə çevirməkdədir ki, bu da öz növbəsində dünya təsərrüfat sistemində formalaşan müasir çağırışlar zəminində zəruri və aktualdır.

Elşad Məmmədov – iqtisad üzrə elmlər doktoru, professor
Aslan Əzimzadə – iqtisadçı-ekspert