Paytaxtın tarix müəllimləri tarixçi alimin kitabının müzakirəsində
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan tarix müəllimləri ilə tarixçi alim, diplomat Həsən Həsənovun növbəti görüşü keçirilib.
Görüş H.Həsənovun müəllifi olduğu “Azərbaycan: tarixi-coğrafi atlas” və “Azərbaycan: tarixi-etnoqrafik atlas” kitablarının müzakirəsinə həsr olunub.
Müəllif nəşrlərin məzmunu, elmi yanaşmaları və istifadə olunan mənbələrin seçimi, materialların sistemləşdirilməsi, eləcə də xəritə və vizual materialların tarixi proseslərin şərhində rolu barədə iştirakçılara ətraflı məlumat verib.
Müzakirələrdə atlaslarda yer alan materialların tarixi mənbələrlə uzlaşdırılması və mənbələrin elmi yanaşmalar kontekstində müqayisəli şəkildə təqdim olunması, etnoqrafik məlumatların toplanma və təsnifat prinsipləri, həmçinin müxtəlif dövrlərə aid etnik və mədəni məlumatların xəritələr üzərində əks etdirilməsi məsələlərinə toxunulub.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə H.Həsənov iştirakçıları maraqlandıran sualları cavablandırıb.