Paytaxt təhsili: İlin uğur göstəriciləri
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2025-ci təqvim ilində təhsil islahatlarının ruhuna və yeni dövrün çağırışlarına uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün məqsədyönlü fəaliyyət həyata keçirilib.
Hesabat dövründə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, innovativ yanaşmaların tətbiqi əsas prioritetlər sırasında olub. Həmçinin şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı və rəqəmsal həllərin genişləndirilməsi, məktəb-icma münasibətlərinin təkmilləşdirilməsi və digər müvafiq istiqamətlər 2025-ci təqvim ilinin əsas keyfiyyət göstəriciləridir.
Ümumi statistika
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 710 təhsil müəssisəsi fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki məktəblərdə 523 844 şagirdin təlim-tərbiyəsi ilə 31 081 müəllim məşğul olur.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 41 478, IX siniflərində 49 382, XI siniflərində 36 667, XII siniflərində isə 32 nəfər təhsil alır.
Məktəbəqədər təhsil: təqvim ilinin rəqəmləri
2025-ci təqvim ilində BŞTİ-nin tabeliyindəki 331 məktəbəqədər təhsil müəssisəsinə 36 799 uşaq cəlb olunub. Müəssisələrdə 4 139 tərbiyəçi-müəllim çalışır.
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq işlər görülüb.
21 000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub
BŞTİ-nin tabeliyindəki 295 ümumi təhsil müəssisəsində 928 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 21 502 uşaq cəlb olunub.
47 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb
Təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 47 378 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə yerdəyişməsi aparılıb.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
52 məzun qızıl və gümüş nişana layiq görülüb
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini 2025-ci ildə 52 məzun qızıl və gümüş nişanla başa vurub.
Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb.
Beynəlxalq olimpiadalarda 12 medal
Paytaxt məktəbliləri təqvim ili ərzində riyaziyyat, informatika, kimya fənləri və proqramlaşdırma istiqaməti üzrə Qazaxıstan, Şimali Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Özbəkistan, Boliviya, Bosniya və Herseqovinada keçirilən beynəlxalq olimpiada və müsabiqələrdə ümumilikdə 2 qızıl, 4 gümüş, 6 bürünc medala və 1 həvəsləndirici mükafata layiq görülüblər.
Belə ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İsgəndər Özbəkistanın Daşkənd şəhərində keçirilən 3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında və Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) qızıl, Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən 42-ci Balkan Riyaziyyat Olimpiadasında isə gümüş medala layiq görülüb.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi Murad Xəlilzadə gümüş medala, həmin liseyin şagirdləri Ümid Mustafazadə, Nəzrin Həsənova bürünc medala layiq görülüblər.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Səfərli Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) bürünc medal qazanıb.
Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Zərifə Əliyeva adına liseyin şagirdi Ayxan Dəmirli gümüş, Bakı şəhəri 157 nömrəli məktəbin şagirdi Həsən Vəliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri "Ankara məktəbi" məktəb-liseyinin şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb. “Ankara məktəbi” məktəb-liseyinin şagirdi Əli Əliyev, həmçinin Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO (1) Cup” proqramlaşdırma müsabiqəsindən gümüş, Qazaxıstanın Astana şəhərində təşkil olunan XXI Beynəlxalq Jautikov Olimpiadasından bürünc medal əldə edib.
72 paytaxt məktəblisi olimpiadada qalib olub
Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 72 paytaxt məktəblisi qalib olub.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 23 nəfər gümüş, 36 nəfər bürünc medal qazanıb.
Məntiq Olimpiadasında 12 paytaxt məktəblisi fərqlənib
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 12 paytaxt məktəblisi qalib olub. Onlardan 5 nəfər qızıl, 3 nəfər gümüş, 4 nəfər isə bürünc medalın sahibi olub.
17 000-dən çox şagird təmayül sinifdə təhsil alır
BŞTİ-nin tabeliyindəki 194 təhsil müəssisəsində təşkil edilən 819 təmayül sinifdə 17 110 şagird təhsil alır.
Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.
65 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir
Paytaxtdakı 65 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunur. Təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
Yeni təmayül tədris modeli: təhsildə yeni yanaşma
Paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumi təhsil məktəblərində yeni təmayül tədris modeli tətbiq edilir. Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrinin X sinfinə ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər qəbul olunub.
Yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir.
İcma əsaslı məktəbəqədər təhsil qruplarına 1 665 uşaq cəlb olunub
BŞTİ-nin tabeliyindəki 53 ümumi təhsil və 4 məktəbəqədər təhsil müəssisəsində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu təhsil müəssisələrində 117 icma əsaslı məktəbəqədər təhsil qrupuna 1 665 uşaq cəlb olunub.
41 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərir
Bakı şəhəri üzrə ümumilikdə 260 şagird inklüziv təhsilə cəlb edilib.
2025-2026-cı tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 11 məktəb (87, 88, 167, 166, 187, 109, 205, 212, 236, 247 və 279) əlavə olunub.
Ümumilikdə BŞTİ-nin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 41-ə çatdırılıb. 2025-2026-cı tədris ilində inklüziv siniflərə 74 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.
Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
561 şagird fərdi təhsil alır
BŞTİ-nin tabeliyindəki 182 təhsil müəssisəsində 561 şagird fərdi təhsil alır.
Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.
İşə qəbul üzrə 3 minə yaxın vakansiya təqdim olunub
2025-ci təqvim ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 857 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində təqvim ili ərzində 2 338 nəfər işə qəbul edilib.
Bunlardan:
· 802 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
· 980 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
· 292 nəfər optimallaşma nəticəsində (Qarabağ və Şərqi Zəngəzur regional təhsil İdarələrinin tabeliyində olan və fəailiyyəti dayandırılan məktəblərin müəllimlərinin yerləşdirilməsi);
· 264 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerini dəyişməsi nəticəsində.
Həmçinin il ərzində ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 350 nəfərə yaxın ixtisaslı kadr dəvət edilib.
242 nəfər ümumi təhsil müəssisələrində müxtəlif vəzifələrə işə təyin edilib
2025-ci il ərzində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə işə qəbul üzrə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 88 nəfər psixoloq, 42 nəfər laborant, 18 nəfər kitabxana müdiri, 27 nəfər kitabxanaçı, 41 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 26 nəfər təsərrüfat işləri üzrə direktor müavini işə təyin edilib. Optimallaşma və digər səbəblər nəticəsində 9 nəfər direktor, 11 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə təyin olunub.
180 nəfər məktəbəqədər müəssisələrində müxtəlif vəzifələrə işə təyin edilib
BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə əvvəlki illərdə keçirilmiş müsabiqə nəticəsinə 3 nəfər bağça müdiri, cari ildə işə qəbul üzrə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 25 nəfər musiqi rəhbəri, 43 nəfər təsərrüfat müdiri, əvvəlki illərdə keçirilmiş müsabiqə nəticəsinə uyğun 62 nəfər tərbiyəçi-müəllim 2025-ci il ərzində işə təyin edilib. Həmçinin 47 nəfər tərbiyəçi-müəllim iş yerini dəyişdirilməsi müsabiqəsində uğur qazanaraq işə təyin edilib.
78 nəfər işə qəbul hüququ qazanıb
BŞTİ-nin tabeliyindəki internat tipli ümumi təhsil müəssisələrində tərbiyəçi vəzifəsinə işə qəbul üzrə müsabiqə nəticəsində 78 nəfər uğur qazanaraq işə qəbul hüququ əldə edib. İşə qəbul hüququ əldə edən şəxslər vakant yerlər yarandıqca müvafiq müəssisələrə təyinat alacaq.
Təhsilverənlərin orta aylıq əmək haqqı
2025-ci təqvim ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1088 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 590 manat təşkil edib.
Sertifikatlaşdırma prosesi
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin biologiya, kimya, fizika, coğrafiya, informatika fənləri üzrə (həmçinin ötən illərdən qalan ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat üzrə peqaqoji fəaliyyətinin 3 ili tamam olmuş və ya sosial məzuniyyətdən qayıtmasının 1 ili tamam olmuş ilk dəfə iştirak edənlər) sertifikatlaşdırılması həyata keçirilib.
2025-ci ildə paytaxtda qeyd olunan fənnlər üzrə 4 790-dən çox müəllim sertifikasiyaya cəlb olunub. Onların 3 688 nəfəri ilk dəfə sertifikasiyaya cəlb olunan müəllimlərdir (biologiya, fizika, kimya, coğrafiya və informatika fənləri üzrə).
Qeyd edək ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq sertifikasiyada uğur qazanan müəllimlərin vəzifə maaşlarına əlavələr edilib.
4000-ə yaxın tərbiyəçi-müəllim və metodist diaqnostik qiymətləndirmədə iştirak edib
Paytaxtın məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan müdir, tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmə keçirilib. Qiymətləndirmədə 3 944 tərbiyəçi-müəllim və metodist iştirak edib.
Qeyd edək ki, ilk dəfə keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən heyətin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasından ibarətdir.
Ümumi təhsil məktəblərində çevik inspeksiyalar həyata keçirilib
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çevik inspeksiyalar keçirilib.
İnspeksiyaların məqsədi ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili vəziyyətinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin aparılması, əmək və təhsil qanunvericiliyinin tələblərinə riayət olunması, əmək və icra intizamının təmin edilməsi, sənədləşmə işlərinin təşkili, eləcə də təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsindən ibarətdir.
PİSA qiymətləndirməsinə hazırlıq və iştirakla bağlı fəaliyyətlər
PISA 2025 qiymətləndirməsində iştirak edən BŞTİ-nin tabeliyindəki 42 ümumi təhsil müəssisəsində müvafiq hazırlıq və nəzarət tədbirləri həyata keçirilib. 2000-ə yaxın şagird hazırlıq tədbirləri çərçivəsində qiymətləndirməyə cəlb olunub.
Fəaliyyətlər şagirdlərin qiymətləndirmə prosesinə hazır olma səviyyəsinin, təlim mühitinin və texniki infrastrukturun vəziyyətinin, tədris proqramlarının tətbiqində beynəlxalq qiymətləndirmə tələblərinə uyğunluğun, məktəb rəhbərliyi və pedaqoji heyətin məlumatlılıq səviyyəsinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və müvafiq istiqamətlər üzrə zəruri dəstək tədbirlərinin görülməsi məqsədinə xidmət edib.
Məktəbdaxili araşdırmalar aparılıb
Təqvim ili ərzində vətəndaşlardan daxil olan müraciətlər əsasında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbdaxili araşdırmalar aparılıb.
Araşdırmalar müəllim və valideyn şikayətlərinin, təlim-tərbiyə prosesində müşahidə olunan nöqsanların, əmək münasibətləri və iş rejimi ilə bağlı uyğunsuzluqların, pedaqoji heyət arasında yaranan münaqişələrin araşdırılması, faktların yerində yoxlanılması, aidiyyəti sənədlərin təhlil olunması və nəticələr üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədlərinə xidmət edib.
Valideyn konfransları keçirilib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə valideyn konfransları keçirilib.
Konfraslarda iştirakçılarla müxtəlif mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, valideynlərin təklif və rəyləri dinlənilib, sualları cavablandırılıb.
Paytaxtın bütün inzibati rayonları üzrə təşkil olunan konfransların keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.
54 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb
BŞTİ-nin tabeliyindəki 54 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirilib. Təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və məktəbəqədər təhsil qanunvericiliyinin tələblərinin icra vəziyyəti, həmçinin ehtiyacların müəyyən edilməsi məqsədilə keçirilən monitorinqlərdə heyətin nizam-intizamı, qrupların komplektləşdirilməsinin məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinə uyğunluğu, tərbiyəçi-müəllimlərin iş planları və məşğələ cədvəllərinin, tədris resurslarının mövcudluğu, təhlükəsizlik qaydalarına riayət məsələləri yoxlanılıb.
13 paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 13 şagirdi buraxılış imtahanlarında (XI sinif üzrə) maksimum nəticə göstərib.
Belə ki, BŞTİ-nin tabeliyindəki 91 nömrəli tam orta məktəbin şagirdi Şəhanə Abbasova, “Zəngi” liseyinin şagirdi Nuray Bayramova, 192 nömrəli tam orta məktəbin şagirdi Ülkər Ələkbərova, 68 nömrəli tam orta məktəbin şagirdi Rəhim Fərəczadə, 37 nömrəli tam orta məktəbin şagirdi Mədinə İsmayılzadə, 54 nömrəli tam orta məktəbin şagirdi Gülay Mürvətova, 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli, 295 nömrəli tam orta məktəbin şagirdi Tovuz Seyidova, 313 nömrəli tam orta məktəbin şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta məktəbin şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta məktəbin şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta məktəbin şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam orta məktəbin şagirdi Aişə Bağırova 300 bal toplayıblar.
Paytaxtda 100 minə yaxın şagird monitorinqlərdə iştirak edib
Paytaxtdakı ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə keçirilən monitorinqlərdə 100 minə yaxın şagird iştirak edib.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
562 uşaq beynəlxalq qiymətləndirmə tədqiqatına (IELS) cəlb olunub
Bakıdakı 43 məktəbəqədər təhsil müəssisəsi üzrə 562 nəfər 5 yaşlı uşaq beynəlxalq qiymətləndirmə tədqiqatının (IELS) sınaq mərhələsində iştirak edib.
Qeyd edək ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial-emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir. Bundan əlavə, tədqiqat zamanı uşaqların ev və erkən təhsil mühitinin xüsusiyyətlərini araşdırmaq məqsədilə müəllimlər və valideynlər də sorğuya cəlb edilir.
Bakıdakı 72 təhsil müəssisəsində Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri fəaliyyət göstərir
Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri BŞTİ-nin tabeliyindəki 72 təhsil müəssisəsini və 180 000 şagirdi əhatə edir. Hazırda həmin müəssisələrdə İdarənin 260 əməkdaşı çalışır.
Təqvim ili ərzində uşaqların müdafiəsi və təhlükəsizliyinin təmin olunmasına dair fəaliyyət çərçivəsində şagirdlərin sosial-emosional vəziyyətinin yaxşılaşdırılması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sağlamlıq mövzularına dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər keçirilib.
Fəaliyyətin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir.
BŞTİ tərəfindən 17 layihə və müsabiqə həyata keçirilib
BŞTİ tərəfindən təqvim ili ərzində təhsil müəssisələrində 17 layihə və müsabiqə həyata keçirilib.
Belə ki, “Ailəm və məktəbim”, “Yaşıl layihə:Suveren dövlətin ekoloji dəyərləri”, “Məktəbdə...”, “7-dən 17-yə vətənpərvər!”, “Dəyərlərimizi qoruyaq!”, “Onlayn kitab klubu”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “Ədibin Evi”ndə", “Sağlam nəsil-parlaq gələcək” və "Məktəblərdə Konstitusiya və Suverenlik ayı” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
Həmçinin paytaxt məktəbləri arasında III Bakı Elm Olimpiadası, “Ən yaxşı təqdimat”, “Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” mövzularında təqdimat müsabiqələri, “Şahin” hərbi-idman oyunu, “Sərhəd” hərbi-idman oyunları, "Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışı, “Fövqəladə hallar uşaqların gözü ilə” respublika uşaq yaradıcılıq müsabiqəsi keçirilib.
Paytaxt üzrə 71 qrant layihə
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində paytaxt üzrə 71 layihə qalib olub.
Qalib olan layihələrin icrasına başlanılıb.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
Şagirdlər Heydər Əliyev irsini öyrənib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrədilməsi” ilə bağlı dərslər keçirilib.
Ümumi təhsil məktəbləri ilə yanaşı, Yeni Azərbaycan Partiyası rayon təşkilatları ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərinin inzibati rayonları üzrə Heydər Əliyev Mərkəzlərində və Yeni Azərbaycan Partiyası rayon təşkilatlarında keçirilən dərslərdə Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər və görkəmli ziyalılar iştirak edib.
STEAM layihəsi paytaxt üzrə 200 minə yaxın şagirdi əhatə edir
BŞTİ-nin tabeliyindəki 219 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.
Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 7 109 sinif üzrə 200 minə yaxın şagirdi əhatə edir.
Layihə çərçivəsində keçirilən STEAM Azərbaycan Festivalında BŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. Onlardan 43 nəfər I, 65 nəfər II, 49 nəfər III yerə layiq görülüb. 108 şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələr qazanıb.
Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.
308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur
Paytaxtın 308 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunur.
Layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 9 415 sinif üzrə 275 861 şagirdi əhatə edir.
Layihə çərçivəsində 3 494 müəllim müvafiq təlimlərdən keçib.
“Kiçik Akademiya”lara 20 000-dən artıq şagird cəlb olunub
İstedadlı şagirdlərlə aparılan işlərin sistemləşdirilməsi məqsədilə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”lar fəaliyyət göstərir.
“Kiçik Akademiya”lara 20 000-dən artıq şagird cəlb olunub, 2 000-dən artıq tədbir keçirilib. Həmçinin paytaxtın inzibati rayonları üzrə bütün məktəblərin iştirakı ilə “Kiçik Akademiya”ların hesabat konfransları baş tutub.
Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.
Paytaxt məktəbliləri idman yarışlarında 4 168 medal qazanıb
Təqvim ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 1614 qızıl, 1026 gümüş, 917 bürünc olmaqla, 3557 medal əldə ediblər.
Bundan əlavə, İdarənin tabeliyində fəaliyyət göstərən 13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin üzvləri 2025-ci təqvim ili ərzində 54 yerli yarışda iştirak edərək 515 medal, (176 qızıl, 136 gümüş, 203 bürünc), 33 beynəlxalq yarışda iştirak edərək 96 medal (35 qızıl, 16 gümüş, 45 bürünc) qazanıb.
Paytaxt məktəbləri “Konstitusiya və Suverenlik İli”ndə
BŞTİ və onun tabeliyindəki təhsil müəssisələri tərəfindən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.
Belə ki, paytaxt məktəbliləri arasında festival, konfrans, simpozium, akademik seminar, olimpiada, bilik yarışları, müsabiqə və ağacəkmə aksiyaları keçirilib.
9 000-dən çox müəllimi əhatə edən təlimlər keçirilib
BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 9 095 müəllimi və məktəbəqədər təhsil müəssisələrində çalışan 232 tərbiyəçi-müəllimi əhatə edən təlimlər keçirilib.
Təlimlər məktəb-valideyn əməkdaşlığı, məktəb idarəçiləri üçün effektiv ünsiyyət strategiyaları, məktəb idarəetməsində İKT və süni intellektin tətbiqi, məktəb idarəetməsində data əsaslı yanaşma, tədrisdə differensial yanaşma, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması və digər mövzulara həsr olunub, həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar baş tutub.
Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub
Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.
Paytaxt məktəbliləri üçün maarifləndirici tədbirlər və ekskursiyalar
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, hüquqi maarifləndirmə, peşə seçimi, İKT sahəsində savadlılığın artırılması, reproduktiv sağlamlıq və digər mövzularda maarifləndirici tədbirlər keçirilib.
Eyni zamanda, təqvim ili ərzində 10 000-dən çox şagirdin Heydər Əliyev Mərkəzinə, 22 140 şagirdin Bilim Bakı Mərkəzinə, həmçinin STEAM İnnovasiyalar Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına, Dövlət Bayrağı Muzeyinə və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunub.
Məktəbdənkənar müəssisələr tərəfindən 700-dən çox tədbir keçirilib
Tədris ili ərzində BŞTİ-nin tabeliyindəki məktəbdənkənar təhsil müəssisələri tərəfindən 700-dən artıq konsert, sərgi və festival keçirilib.
Həmçinin uşaq-gənclər inkişaf mərkəzlərinin 1 561 üzvü 250-dən çox yaradıcılıq istiqamətli yerli və beynəlxalq yarışlarda iştirak edib. Onlardan 502 nəfəri I, II, III yerlərin qalibi olub, mükafatlara layiq görülüblər.
Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər
Məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib.
Belə ki, 1, 2, 3, 4, 5, 6, 7, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzləri və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin bazalarında və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklərdə məşğələ prosesi izlənilib, həmçinin adları qeyd edilən müəssisələrdə kompleks monitorinqlər aparılıb.
Təmir, tikinti, təchizat
2025-ci təqvim ilində BŞTİ-nin tabeliyindəki 105 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.
4 məktəbdə (59, 151, 324 313) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq şagirdlərin istifadəsinə verilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68, 141) sökülərək yenidən tikintisi, 2 təhsil müəssisəsində (328 nömrəli uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası) əsaslı təmir işləri davam edir.
Həmçinin 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286, A. Məmmədov adına) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb.
Birgə fəaliyyət – 160 müqavilə imzalanıb
Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlarda istifadə edilməklə, BŞTİ-nin tabeliyindəki məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər dərnəklərin təşkili üçün 160 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.
Həmçinin ali təhsil və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinin pedaqoji təcrübə keçmələri ilə bağlı 200 məktəbəqədər və ümumi təhsil müəssisəsini əhatə edən 16 ikitərəfli müqavilə imzalanıb.
354 nəfər təhsil işçisi təltif edilib
Təqvim ili ərzində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan 354 nəfər təhsil işçisi təltif edilib.
Belə ki, Elm və Təhsil Nazirliyi tərəfindən 16 təhsil işçisi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 30 təhsil işçisi “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” və 92 təhsil işçisi BŞTİ-nin Təşəkkürnaməsi ilə təltif olunub.
Eyni zamanda BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən pedaqoji fəaliyyətlərində səmərəli xidmətlərinə, həmçinin yubileyləri münasibətilə 216 nəfər məktəb rəhbəri (42 direktor, 118 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 55 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 1 nəfər xidmət və əməliyyat mərkəzinin aparıcı mühasibi) Fəxri Fərman və hədiyyələrlə təltif olunub.
Təhsil sahəsində çalışan 19 nəfər Zəfər günü ilə bağlı mükafatlandırılıb.
161 mindən çox müraciət daxil olub
2025-ci təqvim ili ərzində BŞTİ-yə 161 422 müraciət daxil olub.
Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.
Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 94 323 zəng daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 3 578 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.
Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 30 050 müraciət daxil olub.
İl ərzində BŞTİ-yə 33 471 sənəd (vətəndaşlar tərəfindən 9 126 ərizə, 5 483 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 4 878, digər qurumlardan 2 847, tabelikdə olan təhsil müəssisələrindən 6 365 məktub və 4 772 kadr ərizəsi) daxil olub.
İctimaiyyətlə əlaqələr genişləndirilir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş verən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətindəki işlər 2025-ci təqvim ilində də müvafiq qaydada yerinə yetirilib.
BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan 600-ə yaxın sorğu cavablandırılıb.
Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq islahatlar və yeniliklər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.
BŞTİ-nintabeliyindəki ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə effektiv kommunikasiyanın təmin olunmasına dair görüşlər keçirilib.
Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən məlumatlar hazırlanıb.
Həmçinin ictimai maraq doğuran şəxslərlə şagirdlərin görüşləri təşkil olunub, paytaxt məktəblərinin uğurlarının geniş auditoriyada yayımlanması ilə bağlı layihə və müsabiqələr həyata keçirilib.