Paytaxt məktəblərində Vətən şəhidləri yad edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub, şәhid ailәlәri, qazilər və müharibə veteranları ilә görüşlәr keçirilib.
Vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən Müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Tədbirlərdə, həmçinin Qarabağda böyük abadlıq və quruculuq işlərinin aparılması, işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunması, dövlət başçısının Sərəncamına əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə söhbət açılıb.
Tədbirlərdə şagirdlər vətənpərvərlik mövzularında şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.