Paytaxt məktəblərində həmrəylik bayramı qeyd olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbirlər keçirilib.
Bu münasibətlə məktəblərdə rəsm, bədii qiraət, inşa yazı müsabiqələri, bilik yarışları, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri hazırlanıb.
Tədbirlərdə şagirdlərə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi, ümummilli lider Heydər Əliyevin bu əlamətdar günün təsis olunmasındakı rolu barədə ətraflı məlumat verilib, eləcə də ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdrılmasında, mədəni irsimizin tanıdılmasında dünya ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasının vacibliyindən söz açılıb. Bildirlib ki, 31 Dekabr Azərbaycan xalqının həmrəyliyini ifadə edən mühüm bayramlardan biri kimi gənc nəslin bu ideya ətrafında birləşməsində xüsusi əhəmiyyət daşıyır.
Tədbirlərdə məktəblilərin ifasında vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Qeyd edək ki, tədbirlərin keçirilməsində əsas məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin gücləndirilməsi, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının təbliğ olunmasından ibarətdir.