Paytaxt məktəblərində elektron jurnallar tətbiq olunur

Paytaxt mekteblerinde elektron jurnallar tetbiq olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilindən etibarən elektron jurnalların tətbiqinə başlanılıb. Bu proses "Rəqəmsal məktəb" platforması üzərindən aparılır.

Elektron jurnalların tətbiq edilməsinin əsas məqsədi qiymətləndirməni rəqəmsallaşdırmaq, valideyn-məktəb əlaqəsinin daha əlçatan olmasını təmin etməkdən ibarətdir.

Hazırda sinif jurnalları elektron sistem vasitəsilə daha sürətli və operativ şəkildə işlənilir. Təhsilalanların qiymətləndirməsi və digər müvafiq qeydlər "Rəqəmsal məktəb" platforması üzərindən aparılır.

Elektron jurnal platformasına birbaşa giriş vasitəsilə hər müəllim üçün e-jurnal sisteminə qoşulmaq təmin edilib. Müəllimlər qiymətləndirmə prosesini elektron jurnal vasitəsilə vaxt itkisi olmadan operativ şəkildə həyata keçirirlər. 

Elektron jurnalın tətbiqi müəllimlərlə yanaşı, valideynlərə də əlavə imkanlar yaradır, onların tədris prosesinə birbaşa nəzarət etməsi mümkün olur. Valideynlər övladlarının qiymətlərini və nəticələrini elektron jurnal vasitəsilə real öyrənmə imkanı əldə edirlər. Bu platformanın tətbiqi valideyn-məktəb əlaqələrinin daha da güclənməsinə, valideynin uşaqlar üzərində nəzarət imkanının artmasına, valideynin övladlarının tədris göstəriciləri ilə istədikləri zaman tanış olmasına səbəb olur.