Zeferinfo.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, o, bu barədə “Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bəhs edib.
Paşinyan bildirib ki, bu gün iki ölkə arasında artıq “uğur hekayələri” mövcuddur və bu prosesin başlanğıcı 2024-cü ildə start verilən sərhədin demarkasiyası ilə qoyulub. Baş nazirin sözlərinə görə, onun tapşırığı ilə Ermənistan dövlət qurumları vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların, siyasi xadimlərin, partiya təmsilçilərinin və diaspor üzvlərinin sərhədləri müəyyən edilmiş Kirantlar və ona bitişik ərazilərə səfərlərini təşkil ediblər.
“Sülh gündəmi dedikdə nəyi nəzərdə tutduğumuzu göstərmək üçün açıq deməliyəm ki, indiyədək Azərbaycan tərəfinin addımlarımıza bir dəfə də olsun mənfi reaksiyası olmayıb”, – deyə Paşinyan vurğulayıb.
O, iki ölkə arasında ilk beynəlxalq sənəd olan Demarkasiya Komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin imzalanmasını və daha sonra ratifikasiyasını növbəti mühüm nailiyyət kimi qiymətləndirib.
Paşinyan xatırladıb ki, həmin sənəddə 1991-ci il Alma-Ata Bəyannaməsi demarkasiyanın əsas prinsipi kimi təsbit olunub. Bu bəyannamə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığını və dövlətlərarası münasibətlərin qurulmasında dönüş nöqtəsi yaratdığını göstərir.
Baş nazir əlavə edib ki, ən böyük uğur hekayəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammiti olub. Həmin tədbir Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair Vaşinqton Bəyannaməsinin qəbul edilməsi və sülh sazişinin paraflanması ilə nəticələnib.
“Beləliklə, Ermənistan Respublikası ilə Azərbaycan arasında sülh yarandı”, – Paşinyan bəyan edib.
Qeyd edək ki, “Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” adlı illik beynəlxalq konfrans Cənubi Qafqazın regionallaşdırılması, sülh prosesi, kommunikasiya və ticarət yollarının açılması, eləcə də beynəlxalq və regional əməkdaşlıq məsələlərinə həsr olunub.