Özbəkistanlı jurnalistlər DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar
Özbəkistan Jurnalistlər Birliyinin sədri vəzifəsini icra edən Xolmurod Səlimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
Zeferinfo.az xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Caliber.Az-a bildirilib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova qonaqlara mərkəzin fəaliyyətindən danışıb.
Özbəkistanın Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri əhalinin sosial cəhətdən həssas qruplarına aid olan insanların yaradıcılıq potensialının inkişafı üçün yaradılan şəraitlə tanış olublar.
Jurnalistlərə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzdə inklüziv cəmiyyətin inkişafı və həssas qruplardan olan insanların sosial adaptasiyası istiqamətində həyata keçirilən layihələrdən bəhs edilib.
Vurğulanıb ki, mərkəzin İsmayıllıda “DOST House” filialı açılıb, məqsəd rayonda milli sənətkarlığın inkişafına və populyarlaşmasına, o cümlədən özünüməşğulluq layihələrinin həyata keçirilməsinə dəstək olmaqdır.
Qonaqlar mərkəzin tədris studiyalarında yaradıcılıq prosesini izləyib, müxtəlif əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
İnklüziv ansamblın müşayiəti ilə mərkəzin istedadlı benefisiarlarının təqdim etdiyi musiqili çıxışlar Özbəkistanın KİV nümayəndələri tərəfindən də böyük maraqla qarşılanıb.
Sonra qonaqlara xatirə hədiyyələri təqdim olunub.