Ötən il 7 televiziya kanalına xəbərdarlıq edilib

Oten il 7 televiziya kanalina xeberdarliq edilib

2025-ci il ərzində "Space TV", "ARB", "Xəzər TV", "MTV", “ATV”, "ARB", "Baku TV" kanallarının hərəsinə bir dəfə olmaqla ümumi 7 xəbərdarlıq edilib.

Bu barədə  Zeferinfo.az-ın sorğusuna cavab olaraq Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, “MTV” və “Dünya TV” kanallarının yayımı hərəsi 3 saatlıq, “Kanal S”in yayımı 24 saatlıq, "Space TV"nin yayımı 6 saatlıq olmaqla ümumi 4 yayımın dayandırılması qərarı qəbul edilib.

Bundan əlavə, "MTV" kanalının aid olduğu "Muz TV Azərbaycan" MMC-nin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı protokol tərtib olunub.

Keçən il ərzində “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələblərini yerinə yetirmədiyinə görə 11 operatorla bağlı inzibati cərimə protokolu tərtib olunaraq müvafiq məhkəmələrə göndərilib. Keçirilmiş məhkəmə baxışları nəticəsində bütün yazılmış protokollar məhkəmələr tərəfindən təmin olunub və operatorların hər biri 5000 manat cərimə olunub.

Keçən il Audiovizual Şura müvafiq lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən subyektlərə, internet resurslara, sosial şəbəkə hesablarına qarşı da mübarizəni davam etdirib. Bu sahədə Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti ilə müvafiq koordinasiyalı fəaliyyət həyata keçirilib, lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən 100-dən çox İP ünvana müraciətin məhdudlaşdırılması, habelə xarici kanalların qanunsuz retranslyasiya xidmətini təqdim edən 30-dan çox fiziki və ya hüquqi şəxsin fəaliyyətinin dayandırılması təmin edilib.