Nərgiz Muxtarovanın məhkəməsi başladı

Nergiz Muxtarovanin mehkemesi basladi

Baş Prokurorluqda QHT işi üzrə başlanmış cinayət işi üzrə məsuliyyətə cəlb olunmuş Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Zeferinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, onun himayəsində bir azyaşlı övladı var.

Daha sonra N. Muxtarovanın vəkili Xaliq Hüseynov iki hissədən ibarət hakimlər heyətinə etiraz verib. O, birinci etirazını onunla əsaslandırıb ki, hakimlər heyətinə daxil olan Novruz Kərimov və Rasim Sadıqovun yaş həddi ilə bağlı təqaüd yaşları çatıb.

Vəkilin sözlərinə görə, hər iki hakimin icraatına iş verilmir: "Yalnız onlar təqaüdə çıxmaqla bağlı yaş həddinə çatana kimi icraatlarında olan işlərə baxa bilərlər. Buna görə də hər iki hakimin işə tərkibdə çıxmalarına etiraz edirik".

Vəkil digər vəsatətində göstərib ki, N. Muxtarovanın həyat yoldaşı Fərid Mehralızadənin işinə də bu hakim heyəti baxıb. Vəkil bu səbəbdən hakimlər tərkibinə bütövlükdə etiraz edib. Deyib ki, bu hakimlər heyəti məhkəmə istintaqını apara bilməzlər.

Dövlət ittihamçısı Eldar Məmmədov vəsatətləri əsassız hesab edib. O, hər iki etirazın təmin olunmamasını istəyib. Dövlət ittihamçısı bildirib ki, hər iki hakim - Rasim Sadıqov və Novruz Kərimovun fəaliyyətinə xitam verilməyib, onlar səlahiyyətlidirlər.

Müşavirə keçirən hakimlər heyəti etirazı baxılmamış saxlayıb.

Daha sonra vəkil Baş Prokurorluğa sorğu göndərilməsini istəyib. Bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin işində adı şahid qismində keçən Şəhla İsmayılın barəsində olan cinayət işi ilə bağlı məhkəməyə məlumat verilsin: "Çünki ona Nərgiz Muxtarovanın ittiham olunduğu iki maddə üzrə əlbirlik ittihamı verilib. Onun barəsində isə iş ayrılıb. Biz onun statusunu məhkəmədə müəyyən olunmasını istəyirik. Çünki o, ifadə verərkən and içməli olacaq ki, yalan danışmasın. Onun özünün də təqsirləndirilən şəxs qismində müdafiə olunmaq hüququ var. Bu halları məhkəmədə müəyyən etmək lazımdır".

Bundan başqa, vəkil cinayət işinə xitam verilməsi barədə də vəsatət verib. Hakimlər heyəti iki vəsatətin heç birini təmin etməyib.

Məhkəmə baxışı oktyabrın 27-ə təyin olunub.

Qeyd edək ki, N. Muxtarova Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bu ittihamlar 12 ilədək həbs cəzası nəzərdə tutur. N. Muxtarova ittihamları qəbul etmir.

N. Muxtarova hazırda “AbzasMedia işi” çərçivəsində qaçaqmalçılıqda ittiham olunaraq 9 il azadlıqdan məhrum edilmiş iqtisadçı-jurnalist Fərid Mehralızadənin həyat yoldaşıdır.

Back To Top