Naxçıvanda doğum günü noyabr ayında olan şəhidlərin xatirəsi anılıb

Naxcivanda dogum gunu noyabr ayinda olan sehidlerin xatiresi anilib

Noyabrın 28-də “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə doğum günü noyabr ayında olan şəhidlərin anım tədbiri keçirilib.

Zeferinfo.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan doğum günü noyabr ayında olan şəhidlərlə bağlı videoçarx izlənilib. Tələbələr videoçarxda adları çəkilən Birinci və İkinci Qarabağ müharibəsinin 32 şəhidinin portretlərini səhnədə nümayiş etdiriblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək bildirib ki, noyabr ayının Azərbaycan tarixində xüsusi rolu və yeri var. Dörd il bundan öncə Ali Baş Komandanın rəhbərliyi ilə başlanan Vətən müharibəsi məhz bu ayın 8-də Böyük Qələbə ilə nəticələndi. Azərbaycan Ordusu öz missiyasını ləyaqətlə yerinə yetirdi, ərazi bütövlüyümüz təmin olundu. Ölkəmizdə yaranmış xalq-ordu-rəhbər birliyi nəticəsində tarixi ədalət bərqərar edildi. Ötən il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri ilə dövlət suverenliyimiz də tam bərpa olundu. Azərbaycan Respublikası Prezidentinin bu il sentyabrın 19-da imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si ölkəmizdə "Dövlət Suverenliyi Günü" kimi qeyd ediləcək.

Vurğulanıb ki, bu gün dövlətimiz tərəfindən Vətən oğullarının bizə əmanət etdiyi azad torpaqlarda geniş quruculuq işləri reallaşdırılır. Soydaşlarımız azad edilən torpaqlara qayıdırlar. Tarixi torpaqlarımızda təhsil ənənələri də bərpa olunur. Bu il dövlət başçısının iştirakı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı oldu. Prezident universitetin müəllim və tələbələri ilə görüşündə pedaqoji kollektivin, gənclərin qarşısında duran prioritet hədəfləri açıqladı.

Vurğulanıb ki, dövlətimiz tərəfindən atılan hər yeni addım əvvəlkinin məntiqi davamıdır. Bunu Vətən müharibəsindən ötən dövrün ictimai-siyasi mənzərəsi də göstərir. Qazanılan bütün uğur və nailiyyətlərin arxasında Ali Baş Komandanın iradəsi, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqları dayanır. Bu baxımdan xalqımız daim igid oğullarının xatirəsini ehtiramla anır. Naxçıvanda bu ilin əvvəlindən başlayaraq hər ayın sonunda doğum günü həmin ayda olan şəhidlərin xatirəsinə həsr olunan tədbirin təşkili də Vətən yolunda canından keçənlərə böyük hörmət və ehtiramın nümunəsidir.

Mərasimdə şəhid ailələri adından şəhid Əli Babayevin bacısı Məryəm Vəliyeva və şəhid Abbasəli Nəzərəliyevin qızı Şövkət Nəzərəliyeva qəhrəman oğulların şücaətlərindən söhbət açıb, anım tədbirinin təşkilinə görə minnətdarlıq ediblər.

Tədbirin bədii hissəsində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və “Altai” teatrının aktyorlarının birgə hazırladıqları “Biz qalib ölkənin vətəndaşıyıq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.