Gəncin gündəlik həyatında baş verən müəyyən dəyişikliklər diqqətdən yayınmaya bilər. Əvvəllər ailə ilə sıx münasibət quran bir yeniyetmənin birdən özünə qapanması, ünsiyyətə marağını itirməsi və ya ailə üzvləri ilə münasibətlərində soyuqluq yaranması bəzən daxili narahatlıqların əlaməti ola bilər. Dost çevrəsindəki ani dəyişikliklər, köhnə dostlarla münasibətlərin kəsilməsi və yeni, tanımadığı şəxslərlə daha çox vaxt keçirməsi də müəyyən suallar doğura bilər.
Təhsil sahəsində də müəyyən geriləmələr diqqət çəkə bilər. Dərslərə marağın azalması, davamiyyətin zəifləməsi və qiymətlərin düşməsi bəzən gəncin həyatında baş verən daxili gərginliyin göstəricisi ola bilər. Eyni zamanda, maddi baxımdan izah olunmayan davranışlar – tez-tez pul xərcləmək, səbəbsiz yerə borc istəmək və ya evdəki bəzi əşyaların itməyə başlaması narahatlıq yarada bilər.
Narkotik vasitələrin istifadəsi zamanı gəncin emosional vəziyyətində də dəyişikliklər müşahidə oluna bilər. Sakit və pozitiv xarakterli bir yeniyetmənin əsəbi, aqressiv və ya həddindən artıq passiv davranması diqqət çəkə bilər. Bəzən isə qəfil sevinc, yüksək enerji və ya həddindən artıq özünəgüvən hissi müşahidə olunur ki, bu da stimullaşdırıcı maddələrin təsiri ilə bağlı ola bilər.
Fiziki baxımdan da bəzi əlamətlər müşahidə oluna bilər. Göz bəbəklərinin böyüməsi, gözlərin qızarması, dəridə solğunluq, titrəmə və ya koordinasiya pozuntuları kimi hallar fərqlənə bilər. Bəzi hallarda isə gənclər yuxusuzluq, iştahsızlıq və ya əksinə – həddindən artıq yemək istəyi, baş ağrısı, qarın ağrısı, başgicəllənmə kimi simptomlardan şikayət edə bilərlər.
Bu əlamətlərin hər biri ayrı-ayrılıqda digər səbəblərlə də əlaqəli ola bilər. Ona görə də müşahidə olunan dəyişikliklərə qarşı anlayışla yanaşmaq, gənclə münasibətləri pozmadan diqqətlə müşahidə aparmaq və ehtiyac yaranarsa, mütəxəssislə məsləhətləşmək vacib sayılır.
Məhbubə Mehdiyeva: Araşdırmaçı-sosioloq