Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib

Muharibe, Emek ve Silahli Quvveler Veteranlari Teskilatinda polkovnik Celil Xelilovla bagli yubiley tedbiri kecirilib

Zeferinfo.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında polkovnik Cəlil Xəlilovla bağlı yubiley tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Təşkilatın sədri Fatma Səttarova Cəlil Xəlilovun çoxillik xidmətlərinə diqqət çəkib, onun bu gün də gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Fatma Səttarova polkovnik Cəlil Xəlilovu Fəxri Fərmanla təltif edib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi, şair-publisist, əmkdar incəsənət xadimi, prezident təqaudçüsü   polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun keçdiyi xidməti yoldan ətraflı bəhs edib: “Ömrünün yarıdan çoxunu hərbi xidmətə həsr etmiş C.Xəlilov 1977-ci ildə keçmiş SSRİ-nin Vorkuta vilayətində müddətli həqiqi hərbi xidmətə başlamış, 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini, 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir Sərhəd Dəstəsində zastava rəisinin müavini kimi hərbi xidmətini davam etdirmişdir. 

C.Xəlilov 1982-2013-cü illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə xidmət etmişdir. Əfqanıstan, Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranıdır.

Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etdiyinə, yüksək peşəkarlığına və hərbi xidmət dövründə vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdur. 

2014-cü ildə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədr müavini seçilmişdir. Həmin gündən ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunması işində yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulmasında böyük əməyi vardır. Təşkilatın sədr müavini kimi Azərbaycanı xarici ölkələrdə, o cümlədən MDB məkanında layiqincə təmsil edir, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir.

C.Xəlilov 44 günlük Vətən müharibəsi dövründə də gənclərin vətənpərvərlik tərbiyəsi işində fəallıq göstərərək həm səfərbərliyə cəlb olunan hərbi vəzifəlilər və həm də döyüş əməliyyatlarında birbaşa iştirak edən şəxsi heyət qarşısında davamlı görüşlər keçirmişdir”.

Polkovnik Abdulla Qurbani Cəlil Xəlilovun müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif edilməsi ilə bağlı əmri oxuyub.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov Baş Qərargah rəisi general-polkovnik Kərəm Vəliyevin Cəlil Xəlilova ünvanlanan təbrik məktubunu səsləndirib, nazirlik adından yubileyara hədiyyə təqdim edib.

Tədbirdə çıxış edən “Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin sədri polkovnik Fəxri Abbasov Cəlil Xəlilovla bağlı xatirələrini dilə gətirib, yubileyara hədiyyələr təqdim edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Şaiq Məmmədov və

Seymur Şeydayev Xidmət rəisi Mürsəl İbrahimovun Cəlil Xəlilova təbrik məktubunu oxuyub, Xidmət adından verilən “Hərbi vətənpərvlik tərbiyəsindəki xidmətlərə görə”  medalını ona  təqdim ediblər.

Tədbridə çıxış edən Rəyasət Heyətinin üzvü İmran Əbilov, Şuşa Rayon Veteranlar Təşkilatının sədri Ağalar Əliyev, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev,

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Dövlət və Qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı polkovnik Cəlil Xəlilova xoş arzularını bildiriblər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı polkovnik Samir Musayev Rusiya, Belarus, Moldova və digər ölkələrədn polkovnik Cəlil Xəlilova göndərilən təbrik məktubları haqqında məlumat verib.

Sonda çıxış edən Cəlil Xəlilov təbriklərə görə bütün iştirakçılara və müvafiq dövlət qurumlarına  öz təşəkkürünü bildirib, minnətdarlığını ifadə edib.