Muğam Mərkəzində Azərbaycanın ilk hərbi həkiminin xatirəsi anılıb

Mugam Merkezinde Azerbaycanin ilk herbi hekiminin xatiresi anilib

Beynəlxalq Muğam Mərkəzində görkəmli ziyalı, Azərbaycanın ilk hərbi həkimi, “Difai” təşkilatı Şuşa şöbəsinin yaradıcısı və sədri, Şuşada ilk rus-Azərbaycan qız məktəbinin təsisçisi Əbdülkərim bəy Mehmandarovun (1854-1929) anadan olmasının 170 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.

Mərkəzdən Zeferinfo.az-a bildirilib ki, qonaqlar əvvəlcə mərkəzin foyesində “Bayatı-Şiraz” muğamının sədaları altında Şuşanın fotolarından ibarət sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi anılıb.

“Millət naminə – Əbdülkərim bəy Mehmandarov” sənədli filmindən fraqmentlər nümayiş etdirilib.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və başqaları Ə.Mehmandarovun həyatı və həkimlik fəaliyyətindən danışıblar. Mehmandarovlar nəslinin nümayəndəsi Məhbubə Əzizova isə onun Vətənə, xalqa sevgisindən, xeyirxah əməllərindən bəhs edib. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Əməkdar artist Nazir Rüstəmovun ifasında Ə.Mehmandarovun obrazı canlandırılıb.

Vurğulanıb ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Mehmandarovların Malikanə Kompleksində Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılıb və ötən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər. Hazırda bu kompleks muzey kimi fəaliyyət göstərir. Bu da Əbdülkərim bəyin xalqımız qarşısındakı xidmətlərinə verilən qiymətdir.

Tədbir şuşalı müğənnilər - Vüsal Ağayev, Babək Şuşalı, Orxan Mövlan, Səməd Novruzov, Günay Şuşalı “Mənim Şuşam”, “Qarabağın maralı”, “Vətənimdir”, “Şuşanın dağları” mahnılarını ifa ediblər. Xalq artisti Nurəddin Mehdixanlı isə ürək sözlərini şeirlə ifadə edib.