Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb

Mudafie Nazirliyi ve Respublika Herbi Prokurorlugu arasinda birge tedbirler plani imzalanib
2025-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Bu barədə Zeferinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, planda cari il ərzində nəzərdə tutulan birgə tədbirlər, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

2025-ci il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi maarifləndirilməsi, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlərin və digər fəaliyyətlərin icra olunması öz əksini tapıb.