Moldovada 28 May – Respublika Günü münasibətilə xüsusi tədbir keçirilib

Moldovada 28 May – Respublika Gunu munasibetile xususi tedbir kecirilib

Moldovada Azərbaycanın 28 May – Respublika Günü münasibətilə anlamlı tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və həmçinin, Comrat Universitetində təhsil alan vətən müharibəsi qaziləri və azərbaycanlı digər tələbələr, eləcə də Moldovadakı azərbaycanlı diaspor nümayəndələri tədbirin fəal iştirakçıları arasında yer alıblar.

Tədbir, Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan 28 May – Respublika Günü ilə əlaqədar universitetdə Bəhruz Məmmədzadənin təşkilatçılığı və Azərbaycanın Moldovadakı diasporasının dəstəyi ilə həyata keçirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinə hörmət əlaməti olaraq tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla onların xatirəsini yad ediblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Bəhruz Məmmədzadə, Azərbaycan dövlətinin müstəqillik tarixindən, 28 Mayın xalqımız üçün əhəmiyyətindən və diaspor təşkilatlarının fəaliyyətindən bəhs edib. O, qeyd edib ki, Azərbaycan diasporu vətənpərvər gənclərin yetişdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və vətənə sədaqətin artırılması istiqamətində əhəmiyyətli işlər görür.

Tədbirdə həmçinin diaspor nümayəndələri, qazilər və tələbələr çıxış edərək milli ruhun yüksəldilməsi, azərbaycançılıq ideyalarının təbliği və gənclərin vətənə bağlılığının gücləndirilməsi barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda universitetin həyətində yerləşən parkda Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin büstü ziyarət edilib. İştirakçılar büstün önünə güllər qoyaraq böyük hörmət və ehtiramlarını bildiriblər.

Belə tədbirlər Moldovadakı azərbaycanlıların milli mənlik şüurunun gücləndirilməsi və Azərbaycan dövlətçiliyinə bağlılığının artırılması baxımından xüsusi önəm daşıyır. Azərbaycan diasporu ölkəmizin sərhədlərindən kənarda yaşayan həmvətənlərimizin vətənə sevgisini, milli birliyini və həmrəyliyini möhkəmləndirməyə davam edir.