Mirzə Kazım bəyin anım günüdür

Mirze Kazim beyin anim gunudur

27 noyabr Azərbaycan əsilli rus şərqşünas, tarixçi, türkşünas və filoloq Mirzə Kazım bəyin anım günüdür.

O, 1802-ci il, 22 iyunda İranın Rəşt şəhərində ruhani ailəsində dünyaya gəlib. Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də, bəzi mənbələrdə onun "tatar mənşəli" olması fikrini irəli sürüblər.

Mirzə Kazım bəy bir sıra tarixi mövzularda qələmə aldığı kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466–1737-ci illər aralığındakı tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqında dəyərli elmi məlumatlar verir. Həmçinin Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-cı ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848–1852-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olub: "Qurani-Kərimdə ahənglik" (1859), "Müridizm və Şamil" (1859), "İslam tarixi" (1860). 

 Görkəmli şərqşünas 27 noyabr 1870-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində vəfat edib.