Milli Qəhrəmanın ev muzeyinin açılışı olub

Milli Qehremanin ev muzeyinin acilisi olub

İyulun 7-də Neftçala rayonu Həsənabad qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidi Camal İsmayılovun ev muzeyinin açılışı olub.

Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin Neftçala şəhər deputatı Tənzilə Rüstəmxanlı, "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları " İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, həmçinin şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak ediblər.

Açılışından əvvəl şəhidin anası Filarə İsmayılova çıxış edərək muzeyin inşa olunmasında əməyi keçən insanlara və eləcə də tədbirdə iştirak edənlərə təşəkkür edib.

Sonra Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək Camal İsmayılovun nəinki Neftçalanın, onun bütün Azərbaycanın Milli Qəhrəmanı olduğunu və onun kimi övladların bundan sonra da yetişəcəyini bildirib. Millət vəkili Tənzilə Rüstəmxanlı çıxışında şəhidin anasının fədakarlığından söhbət açıb. Millət vəkili C.İsmayılovun şəhid olmasından sonra dünyaya gələn övladı Alparslandan danışıb, onun türk dünyasına xeyirli bir övlad olacağını qeyd edib.

Daha sonra Vətən müharibəsi iştirakçısı, qazi "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları " İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, eləcə də şəhidlərin ailə üzvləri çıxış ediblər. C.İsmayılovun portreti şəhid anaları adından şəhidin anası Filarə İsmayılovaya hədiyyə olunub.

Sonra tədbirdə C.İsmayılovun adına yazılan musiqi səslənib. Sonda ev muzeyinin açılışı olub və tədbir iştirakçıları muzey ilə tanış olublar.

Bildirək ki, Neftçala rayonu Həsənabad qəsəbəsinin 3 Milli Qəhrəmanı var. Onlardan Zakir Məcidov Birinci Qarabağ müharibəsində, Samid İmanov Aprel döyüşlərində və Camal İsmayılov 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olublar.

Qeyd edək ki, bu gün həm də C.İsmayılovun doğum günüdür.