Milli Məclisinin deputatı Azər Allahverənov Lefke Avropa Universitetinin dəstəyi ilə yaradılan Kıbrıs Azərbaycan Evini ziyarət etmişdi
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Azər Allahverənov yanvar ayının 7-də Lefke Avropa Universitetinin dəstəyi ilə yaradılan Kıbrıs Azərbaycan Evini ziyarət etmişdir. Ziyarət zamanı Azər Allahverənov mərkəzin qurucusu Ruslan Quliyev ilə görüşmüş, mərkəzin fəaliyyəti, məqsədləri və gələcək planları barədə ətraflı məlumat almışdır.
Görüşdə Kıbrısda Azərbaycan diasporunun təşkili, milli-mədəni dəyərlərimizin təbliği, gənclərin maarifləndirilməsi və Türk dünyası arasında ictimai əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. Azər Allahverənov Kıbrıs Azərbaycan Evinin fəaliyyətini yüksək qiymətləndirərək bu cür təşəbbüslərin diaspor fəaliyyətinə və Türk dünyası birliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulamışdır.
Eyni zamanda qarşılıqlı əlaqələrin inkişafına dəstək məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, treninqlərin təşkili, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması, birgə daxili və xarici səfərlərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə tərəflərin müvafiq birgə inkişaf proqramlarının hazırlanması barədə razılıq əldə olunmuşdur.
Sonda qonaq xatirə dəftərinə mərkəz haqqında öz fikirlərini qeyd etmişdir. Ruslan Quliyev isə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirmiş, mərkəzin gələcəkdə həyata keçirməyi planlaşdırdığı layihələr barədə məlumat vermişdir.