Milli Məclisdə Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib

Milli Məclisdə Fransa müstəmləkələrindən olan jurnalistlərlə görüş keçirilib.
Zeferinfo.az xəbər verir ki, görüşdə Bakı Təşəbbüs Qrupunun rəhbərliyi və Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvləri, deputatlar Tural Gəncəliyev, Cavanşir Feyziyev, Şahin İsmayılov və Azər Kərimli iştirak ediblər.
Cavanşir Feyziyev qeyd edib ki, Fransa kimi ölkələr bu gün də öz müstəmləkəçilik siyasətini davam etdirir, yerli xalqların hüquqlarını pozur, onların təbii sərvətlərindən istifadə edir.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində də müstəmləkə xalqlarının qarşılaşdığı problemləri gündəmə gətirib: “Azərbaycan bütün vasitələrdən istifadə edəcək ki, sizin haqq səsinizi dünyaya çatdıra bilsin”.
Deputat Azər Kərimli Fransa müstəmləkələrindən olan media nümayəndələrinə ermənilərin Xocalıda törətdiyi soyqırımı barədə məlumat verib.
“Fransanın təzyiqlərinin səbəblərindən biri də Azərbaycanın Fransa neokolonializmindən əziyyət çəkən xalqlara verdiyi dəstəkdir. Ancaq buna baxmayaraq, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək”, - deputat əlavə edib.
Yeni Kaledoniyadan olan “Radio Djiido” və “Radio Kanaky”nin koordinatoru Qaeze Andre qeyd edib ki, hazırda Fransa ilə bir sıra səlahiyyətlərin qaytarılması üçün danışıqlar gedir: “Biz Azərbaycanla media sahəsində əməkdaşlığı yaxşılaşdırmaq istəyirik. Bizim ağrımız, acımız eynidir. Biz bir daha sizə təşəkkür edirik ki, COP29-da da bizim məsələmizi gündəmə gətirmisiniz”.
Deputat Şahin İsmayılov qeyd edib ki, Fransa xüsusilə saxta xəbərlərlə Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirir: “Əsasən Azərbaycanda keçirilən böyük tədbirlər zamanı bundan istifadə edirlər. Amma dəyişməyən bir gerçəklik hər zaman özünü doğruldur ki, haqlısansa, qalib gəlirsən”.
Deputat Tural Gəncəliyev Fransanın müstəmləkəçilik tarixindən danışıb: “Fransa müstəmləkəçiliyində olan xalqlar əzab əziyyət çəkir. Təəssüflər olsun ki, Fransa müstəmləkə altında saxladığı ərazilərdə öz təzyiq və siyasi təsirini saxlamaqda davam edir”.
Qvadelupdan gələn “CANAL10” telekanalının jurnalisti Zandronis Danik bildirib ki, Fransa hərbi gücdən istifadə edir: “Bizə KİV olaraq öz işimizi aparmaq çox çətindir. Çünki məlumatların yayılması ilə bağlı çətinliklərlə üzləşirik. Bu istiqamətdə bizim müqavimətimiz davam edəcək və biz sizinlə birgə olmalıyıq. Çünki bizə çətinlik yaradırlar. Onlar biləndə ki, biz Azərbaycana gedirik, hüquq-mühafizə orqanları bizi sorğu-sual edir, ora nə üçün getdiyimizi bilmək istəyirlər. Fransa KİV sahəsində də dominantlığı qoruyur ki, düzgün məlumatlar çatdırılmasın. Lakin biz çalışırıq ki, həqiqətləri göz önünə gətirək”.