Milli Məclis Zəfər Gününün 5-ci ildönümü ilə bağlı beynəlxalq parlament təşkilatlarına bəyanat göndərib
Bu barədə Zeferinfo.az-a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bəyanatda 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biri olduğu, döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edildiyi vurğulanır.
Bəyanatda bildirilir ki, bu ilin avqust ayında Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Birgə Bəyannamə imzalaması və iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoymuş və regionumuzda uzunmüddətli sülh və sabitliyin yolunu açıb.
Sənəddə həmçinin Milli Məclisin İkinci Qarabağ müharibəsində qələbənin tarixi əhəmiyyətini qeyd edərək, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadə etdiyi, Azərbaycan Prezidentinin bölgədə sülh və əməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəklədiyi vurğulanır.