Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçirilib - FOTO

Metbuat Surasinin Dil Komissiyasinin genislendirilmis iclasi kecirilib - FOTO
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib.

Zeferinfo.az-ın xəbərinə görə, Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizin qorunmasının vacibliyini vurğulayıb.

Rəşad Məcid rəhbərlik etdiyi qurumun noyabrın 7-də bununla bağlı Medianın İnkişafı Agentliyi ilə birgə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirdiyini xatırladıb.

Şura sədrinin sözlərinə görə, Agentlik sözügedən konfransa dair xülasə hazırlayıb ki, bu sənəd, həm ana dilimizin qorunması ilə bağlı çağırış əhəmiyyəti daşımaqdadır, həm də görüləcək işlərin parametrlərinə sistemli baxış nümunəsidir.

Rəşad Məcid bildirib ki, Şuranın İdarə Heyətinin 2025-ci ildə keçirilmiş son iclasında da Prezident İlham Əliyevin fikirlərindən irəli gələn məsələlər müzakirə edilib və müvafiq olaraq Mətbuat Şurasının Dil Komissiyasının tərkibi yenidən formalaşdırılıb.

Komissiyanın sədri İH üzvü, “APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı seçilib. Qurumun tərkibində İdarə Heyətinin digər üzvlərindən - “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyi məqbul sayılıb.

MŞ sədri rəhbərlik etdiyi qurumun Dil Komissiyasının bu gün keçiriləcək genişləndirilmiş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı daha geniş müzakirənin aparılacağını, konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini vurğulayıb.

Mətbuat Şurasının Dil Komissiyasının sədri, “APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı Şuranın iclasında çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyası, Mətbuat Şurası və Dil Kommisiyası ilə birgə jurnalistlərə Azərbaycan dili ilə bağlı treninqlərin keçirilməsini təklif edib.

Vüsalə Mahirqızı bildirib ki, mediada dilin qaydalarına əməl etməkdə problemlərə rast gəlinir.

“Vasitəli və vasitəsiz nitqin yazılmasında, durğu işarələrindən, ədatlardan, bağlayıcılardan, tabeli və tabesiz cümlələrdən istifadədə ciddi problemlər var. Kommisiyanın işlərindən biri də jurnalistlər, hətta redaktorlar üçün maarifləndirici treninqlərin təşkilidir. Redaktorlar, aparıcılar, yazılı media jurnalistləri üçün ayrıca treyninqlər təşkil olunmalıdır”, - “APA Media Group"un baş direktoru vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, onlayn mediada Azərbaycan dili ilə bağlı problemlər var. O əlavə edib ki, Azərbaycan dilinin inkişafı üçün maarifləndirmə tədbirləri davamlı olmalıdır: “Azərbaycan publisistikası çox uzun və çətin yol keçib. Əgər məqsədimiz maarifləndirmədirsə, bunun üçün davamlı fəaliyyət göstərməliyik”.

Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli dilin problemlərinin çox olmasına diqqət çəkib: “Azərbaycan dilində yaxşı yazmaq və danışmaq lazımdır. Bunun üçün isə dilin qaydalarını bilmək lazımdır. Durğu işarələri heç bir dildə sabit deyil, amma müəyyən qaydalar var. Durğu işarələrinin işlənmə məqamları doğru olmalıdır. Bundan əlavə, yersiz işlənən alınma sözlərdən istifadə yanlışdır. Vəsaitlər azdır, olanlar da təbliğ olunmur. Orfoepiya ilə bağlı problemlər ciddidir. Dilçilik İnstitutu və AMEA ilə sıx çalışmalıyıq. Yersiz işlənən alınma sözlərdən istifadə yanlışdır”.

Bakı Dövət Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Hacıyev deyib ki, mediada vergül işarələrinin işlənilməsində ciddi problemlər var: “Bağlayıcılardan əvvəl və sonra vergül qoyulur. Bu, tamamilə səhvdir. Vergül cümləni ayırır, bağlayıcı birləşdirir. Azərbaycan dilində kim necə istəyir, elə də yazır. Elə akademiklər var ki, dialektlə danışırlar. Bir sıra Xalq şairləri ədəbi dildə danışa bilmirlər”.

Mətbuat Şurasının Dil Komissiyasının üzvü Müşfiq Ələsgərli bildirib ki, Azərbaycan dili ilə bağlı problemlər mediada qabardılmalıdır: "Dərsliklərdə də Azərbaycan dili ilə bağlı müəyyən problemlər var. Azərbaycan dilində alınma sözlər problemin az bir hissəsidir. Dilin bel sütunu olan sintaksis sındırılır. Cümlənin strukturu bir-birinə qarışdırılır".

M.Ələsgərli vurğulayıb ki, Azərbaycan dilinin qaydalarına riayət edilməsi ilə bağlı mediadan başlamaq lazımdır, lakin digər sferalar da nəzərə alınmalıdır.

Mətbuat Şurasının Dil Komissiyasının üzvü, teleaparıcı Nərgiz Cəlilova çıxışında bildirib ki, gənclər alınma sözlərin tələffüzündə müəyyən çətinliklər yaşayır: “Rus və ingilis dilini bilən gənclərimiz bu sözləri doğru tələffüz edə bilir. Amma ümumi mənzərəyə baxanda görürük ki, gənclərin 90 faizində tələffüz problemləri var. Orfoepik qaydalara ciddi əməl etmək lazımdır. Buna görə mən 35 ildir Sovet dövrü qaydalarına əsasən tələffüz etdiyim bəzi sözləri Azərbaycan dilinin orfoepik qaydalarına uyğun olaraq tələffüz etməyə başladım”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərov bildirib ki, əslində, dildə problem yoxdur, problem dilin istifadəçilərindədir: “Ümid edirəm ki, yeni yaradılan Dil Kommisiyası bu problemin qarşısını almaqda çox böyük rol oynayacaq. Bu gün publisistika dilin saflığının qorunmasında əsas vasitədir. Bu baxımdan, məhz Mətbuat Şurasının tərkibində Dil Kommisiyasının yaradılması təqdirəlayiqdir”.

Mətbuat Şurasının İdarə Heyətinin və Dil Komissiyasının üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov deyib ki, vaxtilə Mətbuat Şurasının daxilində Dil Kommisiyası fəaliyyət göstərirdi: “Sevindiricidir ki, həmin Kommisiya indi yeni tərkiblə fəaliyyətə başladı. Yeni yaradılan Kommisiya əvvəlki təlimatlardan və istiqamətlərdən istifadə edə bilər”.

İTV telekanalının aparıcısı Vüsalə Məmmədova deyib ki, bir sıra televiziya verilişlərinin məzmunu həmin verilişin aparıcılarının, orada çıxış edən ekspertlərin nitqinə də təsir edir: “Həmin məzmunda yaxşı danışmaq qeyri-mümkündür. Düşüncə, təfəkkür dilə birbaşa təsir edir. Bu mənada, televiziyada dil normalarının qorunması ilə yanaşı, həmin dildə nəyin ifadə olunduğuna da diqqət etmək vacibdir”.

Müzakirələrdən sonra Tofiq Hacıyevin (Tofiq Müzəffəroğlu), AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərovun, Əməkdar artist, tanınmış teleaparıcı Nərgiz Cəlilovanın, İTV telekanalının aparıcısı Vüsalə Məmmədovanın da komissiyaya üzvlüyü təsdiqlənib.

Həmçinin, APA İnformasiya Agentliyinin redaktoru Nadir Yalçın qurumun katibi seçilib.

Beləliklə, Şuranın Dil Komissiyası sədr Vüsalə Mahirqızı, sədr müavini Seyfəddin Hüseynli və katib Nadir Yalçın olmaqla, ümumilikdə 12 nəfərdən ibarət olaraq təşkil edilib.