Mən bunu bacaracağıma inanırdım! - "Elbrus"u fəth edən qazimiz
"5642 metr yüksəkliyi olan "Elbrus" zirvəsini fəth etdim. Bunu da bütün şəhid qardaş-bacılarıma, həmçinin, qazi qardaşlarıma həsr edirəm. Şəhidlərimizin ruhları şad olsun, uğrunda döyüşdükləri torpaqlar azaddır!".
"zeferinfo" xəbər verir ki, bu sözləri Avropanın ən böyük zirvəsi olan "Elbrus"u fəth edən Vətən müharibəsi qazisi Polad Rzayev Vətənə qayıdarkən hava limanında media nümayəndələrinə açıqlamasında deyib. Onu media nümayəndələri ilə yanaşı "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin üzvləri də qarşılyıb.
Polad Rzayev, jurnalistlərə açıqlamasında fəaliyyəti ilə digər qazilərimizə ümid olmağa çalışdığını qeyd edib: "5642 metr yüksəkliyi olan "Elbrus" zirvəsini fəth etdim. Bunu da bütün şəhid qardaş-bacılarıma, həmçinin, qazi qardaşlarıma həsr edirəm. Şəhidlərimizin ruhları şad olsun, uğrunda döyüşdükləri torpaqlar azaddır! Buradan qazilərimizə sağlamlıqlarına qovuşmalarını, bu yolda möhkəm və mübariz olmağı arzu edirəm. Düşünürəm ki, mənim bu addımlarım sağlamlığını vətən yolunda itirmiş qazilərimizə stimul olacaq. Fəaliyyətimlə sizə bir ümid, bir dəstək olmağa çalışıram".
Qazi vurğulayıb ki, bunu bacaracağına ilk başdan inanıb: "Mən bunu bacaracağıma inanırdım. Zirvəyə çıxdıqda ilk olaraq oksigensizlik hiss etdim. Əlbəttə, Avropanın ən böyük zirvəsini fəth etməyim mənə qürur və sevinc yaşatdı".
Qeyd edək ki, Polad Rzayev Qubadlı, Cəbrayıl, Xocavəndin işğaldan azad olunmasına görə medalları, "Şücaətə görə" medalı, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub. O, Cəbrayıla bayraq sancan XTQ-nin mənsubudur.
Xatırladaq ki, Polad həm də Birinci Qarabağ müharibəsində Şuşadan çıxmayaraq şəhid olmuş Tofiq Oğuzun oğludur. O, bundan əvvəl Heydər Əliyev zirvəsinə qalxaraq oradan "Ali Baş Komandanın əmri ilə bütün zirvələri fəth etməyə hazırıq" mesajını verib.