Məktəblilərin hazırladığı "Zəfər" peyki orbitə buraxıldı
Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından SpaceX şirkətinin “Falcon 9” raketi ilə uğurla orbitə göndərilib.
Zeferinfo.az xəbər verir ki, Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır.
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin 5 illiyinə həsr olunan bu peykin adı da “Azərbaycanın Zəfəri”dir.
Bu qürurverici layihə ölkənin təhsil və innovasiya ekosistemində tarixi dönüş nöqtəsi hesab olunur. Azərbaycanın 41 məktəbindən 672 şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qeyd olunur.
Zəfər peyki 297 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanıb. Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir.
"Azərkosmos"un İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, bu nailiyyət ölkənin gələcəyinə edilən mühüm sərmayədir: “Şagirdlərə real kosmik avadanlığı dizayn edib sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla biz gələcəyin kosmik mütəxəssislərini yetişdiririk. Bu məktəbli layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir”.
“Azərbaycanın Zəfəri” peykimiz orbitdə baza sınaqlarını həyata keçirəcək, telemetriya məlumatları toplayacaq və şagirdlərə buraxılışdan sonra da peyk əməliyyatları üzərində real təcrübə əldə etmək imkanı verəcək.
Bu buraxılış Azərkosmosun yerli istedadların inkişafına, gənclərin innovativ təşəbbüslərinə və dayanıqlı milli kosmik ekosistemin qurulmasına yönəlmiş fəaliyyətinin növbəti mərhələsini təşkil edir.