Məhkəmə-Hüquq Şurasının hüquqları genişləndirilir

Mehkeme-Huquq Surasinin huquqlari genislendirilir

Məhkəmə-Hüquq Şurasının hüquqları genişləndirilir.

Zeferinfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliklə aşağıdakılar da Məhkəmə-Hüquq Şurasının hüququ hesab ediləcək:

-məhkəmələrdə kargüzarlığın aparılması, cümlədən işlərin təsadüfi avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi qaydalarını müəyyən etmək;
-hakimləri öz razılığı ilə 1 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam etmək, zərurət olduqda, ezam edilmiş hakimin razılığı ilə ezam edilmə müddətini yenidən 1 ilədək uzatmaq;
-birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakimini onun razılığı ilə 1 ilədək müddətə ezam etmək;
-birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin müvəqqəti olaraq icrasını həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək;
-hakimlərin fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Azərbaycan vətəndaşlığına xitam verildikdə; əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə dair məsələləri müzakirə etmək;
-Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və apellyasiya məhkəmələri istisna olmaqla, digər məhkəmə aparatlarının strukturunu və ştat cədvəlini müəyyən etmək;
-hakimlərin peşə hazırlığının artırılması, məhkəmə aparatı işçilərinin peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək.

Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul olunub.