Media nümayəndələri Ağdamda humanitar minatəmizləmə fəaliyyətinin gedişatı ilə tanış olub (FOTO)

Media numayendeleri Agdamda humanitar minatemizleme fealiyyetinin gedisati ile tanis olub (FOTO)

Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir.

Mina təhlükəsi ilə mübarizə istiqamatində icra edilən fəaliyyətin gedişatı və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərə mütəmadi olaraq mediaturlar təşkil edilir.

Zeferinfo.az xəbər verir ki, növbəti mediatur Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən Ağdam rayonuna təşkil edilib.

Məlum olduğu kimi, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı bu sahədə müvafiq təlimlər keçmiş Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub. Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət ən müasir texnika və avadanlıqlarla, o cümlədən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları ilə təchiz olunub. Əməkdaşlar bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Mediatur çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam rayonunun Mollalar, Kürdlər və Əlimədətli kəndləri və ANAMA tərəfindən rayonun Sarıcalı kəndi ərazisində icra edilən minatəmizləmə əməliyyatları ilə tanışlıq olub. Təmizləmə əməliyyatları əllə minatəmizləmə, minaaxtaran itlər və xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Ağdam rayonunda aparılan minatəmizləmə əməliyyatları nəticəsində 37 154 hektar ərazi təmizlənib, 31 500 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ağdam rayonunda Bərdə-Ağdam dəmiryolu, Bərdə-Ağdam avtomobil yolu, Füzuli-Ağdam avtomobil yolu, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu, Ağdam sənaye parkı ərazisi, əkin sahələri, meyvə bağları, qeyri-filiz mineral-xammal yatağı əraziləri, su kanalları, qaz kəməri xətləri və digər infrastruktur layihələrinin mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyəti icra edilib.