"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

"Medeniyyet ve huquq: muasir cagirislar” movzusunda forum kecirilir

Azərbaycan Respulikası Mədəniyyət Nazirliyinin təşlilatçılığı ilə dekabrın 10-da Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir.

Zeferinfo.az  xəbər verir ki, forum Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında" 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı hazırlanan Tədbirlər planı çərçivəsində təşkil olunur. 

Tədbirin açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis sədrinin birinci  müavini Əli Hüseynli, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, digər rəsmilər, millət vəkilləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının ərsəyə gəlməsində müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamlayıb. Bildirib ki, Prezident İlham Əliyevin liderliyində həyata keçirilən siyasətin mərkəzində mədəniyyət xüsusi yerə malikdir.

Qeyd olunub ki, mədəniyyət müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində həmişə mərkəzi mövqedə dayanıb. Ulu Öndər mədəniyyətimizin bütün sahələrinin inkişafına, ana dilimizə davamlı diqqət və qayğı göstərib. "Ümummilli Liderimizin müəllifi olduğu Konstitusiyamızda mədəniyyətlə bağlı çox qiymətli müddəalar mövcuddur və bunun təməlləri üzərində hazırlanan qanunvericilik aktları mədəniyyət və hüquq anlayışlarını da özündə ehtiva edir. 

Mədəniyyət və hüquq arasında mövcud olan konesptual əlaqə təsəvvür ediləndən və görünəndən daha dərin və sıxdır. Əgər biz mədəniyyət və hüququn bir-birinə olan münasibətində müasir çağırışları müzakirə etmək istəyiriksə, o zaman ilkin olaraq bu anlayışların yenidən təhlil və müzakirə olunması məqsədəuyğun olardı", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyətdaxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır. Hüquq isə individual azadlıqları, davranışları və ictimai münasibətləri formalaşdırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur. Bu anlayışları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.

Adil Kərimli çıxışının sonunda forum çərçivəsində mədəniyyət və hüququn qarşılıqlı əlaqəsi ilə bağlı maraqlı müzakirələrin aparılacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək forumun əhəmiyyətini vurğulayıblar.

Ziyafət Əsgərov mədəniyyət və hüquq anlayışlarının ortaq nöqtələri və sərhədləri barədə məlumat verib. Akademik Rafael Hüseynov forumun millətimizi və dövlətimizi var edən iki əsas qütbün təmsilçilərini bir araya gətirən əhəmiyyətli tədbir kimi dəyərləndirib.

Anar Bağırov isə bu mövzuda ilk tədbirin 10 dekabr - Dünya İnsan Hüquqları Günündə keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib. 

Sonra forum öz işini panel müzakirələrlə davam etdirib.

Back To Top