Masazırda içməli su aylardır küçələrə AXIR - Su Ehtiyatları Agentliyi problemi niyə HƏLL etmir? – VİDEO
Xəbər verdiyimiz kimi, Masazır qəsəbəsi, Nəriman Nərimanov küçəsində uzun müddətdir zədələnmiş borudan tonlarla içməli su küçəyə axır, sakinlərin evlərinə ciddi ziyan vurur. Sakinlər dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, şikayətə laqeyd yanaşılıb.
Vəziyyət isə getdikcə acınacaqlı hal alır.
Sakinlər arasında ən çox ziyan çəkən Nahib Orucovun şikayəti əsasında Bizim.Media-nın əməkdaşı hadisə yerində oldu, məsələni işıqlandırdı. Məlum oldu ki, şikayətçi evini və həyətini basan suyun qarşısını almaq üçün şəxsi hesabına xüsusi texnika gətirərək arx qazdırıb. Problemin həlli üçün dəfələrlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət edib. Amma 1 ilə yaxın davam edən problemə əncam çəkən tapılmayıb.
Biz də öz növbəmizdə məsələni ictimailəşdirərkən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etdik. Qurumdan elə həmin gün əraziyə baxış keçirmək üçün nümayəndələr göndərildi, suyun axmasının müvəqqəti qarşısı alındı və söz verildi ki, əsaslı təmirə başlanılacaq. Amma söz havada qaldı. Sakinlər bildirirlər ki, “müvəqqəti tədbir” işə yaramadığı üçün təmiz su yenidən axıb göllənib. Agentlik isə bizi də, sakinləri də “yola verir”. “Yaxın zaman” anlayışı uzaq həftələrə çevrilir.
Regionda yaşanan su qıtlığı Azərbaycanda təkrar olunmasın deyə dövlət başçısı bu məsələni daim diqqətdə saxlayır, su ehtiyatlarının qorunması, yeni anbarların tikilməsi və su təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl işlər görülür.
Amma Masazırda içməli suyun çölə axması haqlı suallar doğurur: bu israfın məsuliyyətini Dövlət Su Ehtiyatları Agentliyi niyə anlamır?
Axı problemin həll olunmadığı bu müddətdə bu qədər içməli su hədər gedir...
Agentliyin görəcəyi iş borunun ağzına rezin qapaq vurub getməkdirsə, o zaman həll yollarını başqa yerdə axtaraq. Ən biabırçı məqam isə odur ki, dövlət qurumu laqeydlik göstərdiyi üçün vətəndaş öz cibindən pul xərcləyərək texnika gətirir, evini, küçəni su basmasın deyə müvəqqəti tədbir görür. Qurum isə vətəndaşın qazdırdığı arxı hamarlayıb, ikiqat ziyan vurur. “Su borusu sakinlər tərəfindən qazıntı işləri aparılarkən zədələnib” – deyərək məsuliyyəti boynundan atır.
Boru ilə bərabər laqeydlik də “təmir” olunmalıdır
Su strategiyasından danışıldığı bir vaxtda Masazırda içməli suyun açıq-aşkar israf olunması sadəcə texniki problem yox, idarəetmənin iflasıdır. Yəni Masazırda təkcə su axmır, həm də məsuliyyətsizlik axır! Üstəlik bu məsuliyyətsizliyin adı, ünvanı da var. Əgər bu problem yenə də həll olunmayacaqsa, suyla bərabər aidiyyəti quruma olan ictimai etimad da yuyulub gedəcək...
Şəfiqə Şəfa, Bizim.Media