Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib
Noyabrın 21-də IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) əməkdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Mühafizənin 60 ili: BTMİ-nin Qırmızı Siyahısı” mövzusunda panel müzakirələr təşkil olunub.
Zeferinfo.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva nəsli kəsilməkdə olan bioloji növlərin mühafizəsinin qlobal ekosistemin və biomüxtəlifliyin qorunmasında vacib rol oynadığını qeyd edib. Leyla Əliyeva vurğulayıb ki, canlı orqanizmlərin məhv olunmasının qarşısının alınması beynəlxalq həmrəylik və əməkdaşlıq mühitində birgə addımların atılmasını tələb edən qlobal çağırışdır.
Sonra tədbir iştirakçılarına Cənubi Qafqazın zəngin təbiəti və buraya xas olan, lakin nəsli kəsilmiş bir sıra heyvan növləri barədə məlumat verilib.
IDEA İB tərəfindən 2011-ci ildən etibarən icra olunan fəaliyyətlərə toxunan Leyla Əliyeva bildirib ki, nadir canlıların qorunması, ölkəmizə xas nadir heyvan və bitki növlərinin mühafizəsi, eləcə də onların populyasiyasının bərpası təşkilatın əsas fəaliyyət istiqamətləri sırasında xüsusi yer tutur. IDEA İB-nin təsisçisi və rəhbəri BTMİ ilə əməkdaşlıq çərçivəsində 2012-ci ildə geniş ictimaiyyətə təqdim olunmuş Qafqazın “Böyük Beşliyi” layihəsini qeyd edib. Bildirilib ki, Qafqaz bəbiri, ceyran, qonur ayı, boz canavar və imperator qartalının populyasiyasının qorunması və artırılması məqsədilə bir sıra addımlar atılıb.
Daha sonra Leyla Əliyeva qeyd edib ki, nəsli kəsilmiş zubrların populyasiyasının bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması məqsədilə 2017-ci ildən etibarən 46 zubr Avropanın müxtəlif ölkələrindən Şahdağ Milli Parkına gətirilib və 2028-ci ilədək zubrların sayının 100-ə çatdırılması nəzərdə tutulub. Eyni zamanda, ceyranların reintroduksiyası layihəsi və digər müvafiq tədbirlər nəticəsində ölkə ərazisində ceyran populyasiyasının 8 minə çatdırıldığı, eləcə də yüz minlərlə nərə balığı körpələrinin Xəzər dənizi və Azərbaycanın digər su hövzələrinə buraxıldığı bildirilib.
BTMİ-nin Şərqi Avropa, Şimali və Mərkəzi Asiya üzrə regional direktoru Oliver Avramoskinin moderatorluğu ilə keçirilən tədbir çərçivəsində çıxış edən BTMİ-nin baş direktoru Grethel Aguilar, “Conservation International” təşkilatının meşə strategiyası üzrə baş direktoru Jason Funk və “Birdlife International” təşkilatının baş meneceri Cathy Yitong Li BTMİ Qırmızı Siyahısında adları qeyd olunan canlıların mühafizəsi, eləcə də qlobal biomüxtəlifliyin birgə səylər və nəticəyönümlü fəaliyyətlər vasitəsilə qorunmasının əhəmiyyətinə dair fikirlərini müzakirə iştirakçıları ilə bölüşüblər.