Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində gənclərin ətraf mühit savadlılığının artırılmasına dair müzakirələrdə iştirak edib.
Zeferinfo.az xəbər verir ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) və IDEA İB-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “İqlim dayanıqlığı üçün təhsilə investisiya: erkən inkişaf və ətraf mühit savadlılığının artırılması” mövzusunda müzakirələrdə Leyla Əliyeva çıxış edərək gənclərin ekoloji problemlərin həllində fəal iştirakının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynadığını vurğulayıb.
IDEA İB-nin təsisçisi və rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə də müxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik və təcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
IDEA-nın həyata keçirdiyi layihə və tədbirlərə toxunan Leyla Əliyeva bildirib ki, təşkilatın ötən müddət ərzində gənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətli yanaşma kimi mövzulara həsr etdiyi bir sıra fəaliyyətlər icra olunub. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırma kampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yə üzv olduğunu qeyd edərək 10 il ərzində qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri qeyd edib. Dayanıqlı və sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslin yetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Grethel Aguilar, “Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Bryce Coon və Qlobal Təhsil Mərkəzinin “#Decarbonize” proqramını təmsil edən gənc ekofəal Janina Guevara çıxış edərək müzakirə mövzusu ilə bağlı müxtəlif fikirlər irəli sürərək ətraf mühit savadlılığının rolunu qeyd ediblər.