Laçında "Şəhərsalmanın İnkişafında Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib

Lacinda "Sehersalmanin Inkisafinda Qadinlarin Rolu" movzusunda panel sessiya kecirilib

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu çərçivəsində "Şəhərsalmanın İnkişafında Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib.

Zeferinfo.az xəbər verir ki, Xarici İşlar Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən paneldə "Qadınların liderliyi davamlı şəhərsalma planlamasını necə istiqamətləndirə bilər?", "Sağlam və iqlimə davamlı şəhərlərin qurulmasında qadınların rolu nədir?" kimi mövzularda müzakirə aparılıb.

Müzakirələrdə Pakistanın Qadınların Statusu üzrə Milli Komissiyasının (NCSW) sədri Ume Laila Azhar, Tacikistan Qadın və Ailə Məsələləri Komitəsinin sədr müavini Çamanoro Odinazoda, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, Türkmənistan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Maral Yayliyeva, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nəsar Hayat və Ümumdünya Səhiyyə Təşkilatının (UST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı iştirak ediblər.

Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov çıxışında şəhərsalmanın inkişafı fonunda İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) tərəfindən yeni platformanın yaradılmasının mümkünlüyünü dilə gətirib. O qeyd edib ki, bununla bağlı qərb regionunda bir sıra digər formatlar da var:
"Şəhərsalmanın inkişafında qadınların rolu, mövzusu çox vacibdir. Ötən il COP29 tədbiri çərçivəsində bu mövzuda Azərbaycan mühüm təşəbbüslə çıxış etdi. Məsələ çoxsektorlu bir fəaliyyət planında əksini tapdı. 200-ə yaxın tərəf bu bəyanatı təsdiq etdi. 54 ölkə bu bəyanata qoşuldu. O cümlədən 100 şəhəri əhatə edən bir bəyanat hazırlandı".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva bildirib ki, 2040-ci ilə qədər dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq: "Buna görə də yeni çağırışlara cavab verməliyik. Azərbaycan digər sektorlarda olduğu kimi, şəhərsalma sahəsində də fəal işlər görür. Qadınların inkişafı sözügedən sahədə yüksəkdir. Əsas məsələ odur ki, biz sual etməliyik, şəhərlər yeni çağırışları qarşılaya biləcəkmi?

Həmçinin qeyd etmək lazımdır ki, şəhərdə xidmətlərə çıxış baxımından kişilər və qadınlar arasında fərq olur. Qadınların xidmətlərə çıxışı bizim və beynəlxalq təşkilatların diqqətindədir".

G.Rzayeva bildirib ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla şəhərlərin inklüzivliyinin yüksək olmasına səy göstərilir: "İctimai yerlərdə yaşıl mühitin yaradılması da vacibdir. Azərbaycan hökuməti işğaldan azad olmuş 8 şəhərin baş planını hazırlayıb. İnklüzivlik vacib meyar kimi götürülüb".

O həmçinin qeyd edib ki, şəhərsalmada qadınların rolunda Azərbaycan milli səviyyədə işlər görür: "Biz beynəlxalq ekspertlər təcrübəsini ölkə səviyyəsinə gətiririk. 2022-ci ildən etibarən Milli Şəhərsalma Forumu keçiririk. Okytabrda Milli Şəhərsalma Forumunu keçirəcəyik. Çalışacağıq ki, onların şəhərsalma prosesində rolunu artıraq. Qadağada yenidənqurma işləri gedir. İctimai dinləmə təşkil edirik. Həmçinin onu da əlavə edim ki, növbəti ilin 17-26 mayında Dünya Şəhərsalma Forumuna ölkəmizdə Bakıda keçiriləcək. Qadınlar nəinki güclü ailə və icmaları, onlar həmçinin şəhərlərimizi dayanıqlı və sağlam etməlidir".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nəsar Hayat isə qeyd edib ki, dünya əhalisinin 56%-i şəhər zonalarında yaşayır: "Lakin onların çox böyük bir hissəsi istehlakçıdır. Ona görə də atmosferə karbon atıqlarının azaldılmasında məhz həmin istehlakçılar böyük rol oynaya bilərlər.

Biz dayanıqlı şəhərlər haqqında danışırıqsa, mütləq olaraq kənd təsərrüfatının inkişafını nəzərdən keçirməliyik".

N.Hayat qeyd edib ki, FAO “Yaşıl şəhərlər” təşəbbüsünü 2020-ci ildə irəli sürüb:
"Hazırda dünyanın 100-ə yaxın şəhərində həmin təşəbbüs həyata keçirilir və 2030-cu ilə qədər istərdik ki, dünyanın ən azı 1000 şəhərində bu təşəbbüs reallaşsın".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı isə qadınların iqlim dəyişikliklərinə daha çox əziyyət çəkdiyini qeyd edib. O bildirib ki, qadınların bu sahədə aktivliyinə sərmayə yatırılmalıdır: "Onlar şəhərlərin idarəçiliyində təmsil olunmalıdırlar. Həmçinin qadınların səsi dinlənilməli və hörmətlə yanaşılmalıdır. Ümid edirəm ki, Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşulacaq. Xüsusən Qarabağda bu barədə təcrübəmizi böyüməyə hazırıq. Elə şəhər qurmalıyıq ki, onlar təhlükəsiz olsun".

Tədbirin moderatoru, Xarici İşlər Nazirliyin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov isə Hande Harmancıya cavabında deyib ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatı ilə sözügedən istiqamətdə danışıqlar aparılır.

Panel sessiya müzakirə və sual-cavablar davam edib.